Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1492/2021 31.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı Hüseyn Salmanovun, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, evli, orta təhsilli,fərdi əməklə məşğul olan, Tərtər şəhəri, E.Səfərov küçəsi ev 49 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Tərtər rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 dekabr 2021-ci il tarixdə karantin qaydalarını pozaraq polisin qanuni tələblərə tabe olmamışdır. Tərtər Rayon Məhkəməsində azırki inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati icraat aparılan Şəxs müdafiəçisi Vəkil məhkəməyə sədrlik edən hakimə etiraz vermiş və iş materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında iş üzrə icraat materialı baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı Hüseyn Salmanov izahatında göstərdi ki, protokol raport əsasında tərtib edilib. Obyektdə baxış zamanı orada olmamışdır. Karantin qaydalarını pozma və polisin qanuni tələblərinə tabe olmama faktı aşkar edilmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o heç bir qayda pozuntusuna yol verməmişdir. “Qrand” çay evinin mülkiyyətçisi isə ilə aralarında olan şifahi icarə müqaviləsinə xitam verildiyindən həmin obyekt 10 dekabr 2021-ci il tarixdən bağlı olmuşdur. “059” adı ilə fəaliyyət göstərən kafeçay evində isə ümumiyyətlə qəlyan verilməmişdir. “059” adı ilə fəaliyyət göstərən kafe-çay evini o, işlətmir. Dostu işlədir və o da həmin obyektə müştəri kimi gəlib-gedir. Qəlyan avadanlıqları obyektdə istifadə olunmayan yerdə bir küncə yığılmışdır. Polislər nə səbəbə onunla bağlı belə bir protokol tərtib etdiklərini anlaya bilmir. Onun özü də polislərə heç bir zaman hörmətsizlik etməmişdir. 16 yaşında atası rəhmətə gedən bir zamandan iki polis qardaşının himayəsində böyümüşdür. Aprel döyüşlərində iştirak etmiş və qulağının biri atılmış mərminin təsirindən işləmir. Milli qəhrəman Şükür Həmidovun batalyonunda döyüşlərdə iştirak etmişdir. Əgər hazırki vəziyyətdə hansısa səhvi varsa cəzanın çəkməyə hazırdır. Məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Tərtər rayon X9 Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı X1 izahatında göstərdi ki, 29 dekabr 2021-ci il tarixdə “059” adı ilə fəaliyyət göstərən kafe-çay evində qəlyan avadanlıqlarını müştərilərə təklif edərək krantin qaydalarını və polisin qanuni tələblərinə nümayişkaranə surətdə tabe olmayaraq qanunsuz əməllərini davam etdirmişdir. Bundan başqa 15 dekabr 2021-ci il tarixdə də “059” adı ilə fəaliyyət göstərən kafe-çay evində qanunsuzluqlar aşkar edilmiş və həmin iaşə obyektinin icarədarı və inzibatçısı X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Eyni zamanda “Qrand” çay evinin inzibatçısı X2 da barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa Tərtər rayon X9 Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı X1 izahatında əlavə olaraq göstərdi ki, konkret olaraq Şəxs hansısa polis əməkdaşına müqavimət göstərməyib. O, polis şöbəsinə dəvət edilib və o, da çağırış əsasında gəlmişdir. Obyektə baxış keçirilən zaman isə Şəxs həmin vaxtı orda olmamışdır. Məhkəmə iclasında şahid Tərtər rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi X5 izahatında göstərdi ki, 29 dekabr 2021-ci il tarixdə “059” adı ilə fəaliyyət göstərən kafe-çay evində qəlyan avadanlıqlarını müştərilərə təklif edərək krantin qaydalarını və polisin qanuni tələblərinə nümayişkaranə surətdə tabe olmayaraq qanunsuz ənəllərini davam etdirmişdir. Həmin kafedə qəlyan avadanlıqları aşkar edilmişdir. Şəxs həmin zaman obyektdə olmasa da, sonradan polis şöbəsinə dəvət edildi. Müştərilər kafedə mövcud olmamışdır. Qəlyan çəkən müştəri aşkar edilməmişdir. İş materiallarında olan MN № 099802 saylı 15 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan MN № ******* saylı 15 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X3 izahatının surətindən görünür ki, o, satış məqsədilə deyil, şəxsi istifadə üçün qəlyan avadanlığından istifadə etmişdir. əməlindən peşman olmuşdur. İş materiallarına əlavə edilmiş 15 dekabr 2021-ci il tarixli X4 izahatının surətindən görünür ki, o, satış məqsədilə deyil, yaxın adamlarına 2 ay əvvəl qəlyan vermiş, əməlindən peşman olmuşdur. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata sonuncunun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları, polis əməkdaşlarının izahatları və iş materiallarına əlavə edilmiş videogörüntü ilə təsdiqini tapmamışdır. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokola münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Polis əməkdaşları özləri ifadələrində Şəxs polislərə müqavimət göstərməsini əsaslandırarkən konkret olaraq müqavilmətin nədən ibarət olmasını, müqavimətin kimə ünvanlanmasını sübut edə bilməyərək, əksinə Şəxs obyektə baxış zamanı orada olmadığını, polis şöbəsinə dəvət edilərkən də gəldiyini təsdiq etdilər. Belə olduğu təqdirdə Şəxs barəsində tərtib edilmiş protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından bu hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş video diskdə 2 video çəkiliş mövcud olsa da, onların heç birində tarix, yer, çəkiliş aparan şəxslər görünmür. Bundan başqa video görüntünün birində qəlyan çəkən şəxsin tam sərbəst oturaraq qəlyan çəkməsi öz əksini tapmışdır. Görüntüdən də bəlli olur ki, çəkiliş şəxsi təşəbbüslə çəkilmişdir. Yəni polis əməkdaşlarının xidməti vəzifəsini icra edərək aparılmış yoxlama tədbirləri nəticəsində aşkar edilmiş hal deyildir. Həmçinin video görüntüdə olan şəxsin üzünün kompyuter proqramı vasitəsilə gizlədilməsi faktı məhkəmə üçün anlaşılmaz qalmaqdadır. Həmin faktı da polis əməkdaşları məhkəmə iclasında izah edə bilmədilər. Bundan başqa ikinci video görüntüdə isə qəlyan avadanlıqları obyektin bir küncünə yığılmış və onların hansısa bir formada tam vəziyyətdə işlək olması öz təsdiqini tapmır. Eyni zamanda polis əməkdaşları da məhkəmə iclasında verdikləri izahatlarında obyektdə müştərilərin olmadığını, müştərinin qəlyan çəkməsi faktının aşkar edilmədiyini, hansısa müştərinin qəlyan çəkməsi faktına görə inzibati məsuliyyətə cəlb edilməyini qeyd etdilər. Bu fakt həmçinin video görüntüdə də öz əksini tapıb. Bundan başqa iş materiallarında olan X3 və X4 izahatlarından obyekti Şəxs ilə birlikdə işlətmələri və eləcə də, da qəlyan avadanılığının Rəşadın özü tərəfindən istifadə etməsi və ya başqa şəxslərə təklif edilməsi müəyyən olunmamışdır. Bundan başqa iş materiallarında “059” adı ilə fəaliyyət göstərən kafe-çay evinin məhzŞəxs tərəfindən işlədilməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Belə olduğu təqdirdə Şəxs barəsində tərtib edilmiş protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi olmadığından bu hissədə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata sonuncunun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1492/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1492/2021
31.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver