Məhkəmə qərarları › İş №3(021)-15/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-15/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-15/2023 05.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 01 noyabr 1981-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, 05 yanvar 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 05 yanvar 2023-cü il tarixdə saat 14:10 radələrində Bərdə rayon Polis Şöbəsində xidmətdə olan zaman iki nəfər xanım rayon Polis Şöbəsinin inzibati binasına ərizə ilə müraciət etmək üçün şikayəti olduğunu bildirdilər və onlardan biri polisə qarşı aqressiya ilə uca səslə nalayiq ifadələr işlətməyə başladı. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsi dəfələrlə nizam intizama dəvət edərək öz xidməti otağına dəvət etmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, nalayiq ifadələr ilə narazı və aqressiv formada “mənə nə edə biləcəksiz ki” deyərək əl qol hərəkətləri etmiş və rayon Polis Şöbəsinin iş fəaliyyətinə mane olmuşdur. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, 05 yanvar 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasına Şəxs ilə eyni məzmunlu şikayət üçün gəlmişdilər. Bərdə rayon Polis Şöbəsinin inzibati binasında ərizələrinin alınması onları polis kapitanı Fərid Babayev adlı əməkdaşın qəbuluna yönləndirilmişdilər. Fərid Babayev onları normal şəkildə qəbul etmiş və problemlərini dinləmişdir. X1 ərizəni yazmağa başladıqda isə Şəxs səsini yüksəldərək qışqırmağa başlamış, işə baxılmadığı halda Fərid Babayevi hədələyərək ilk növbədə ünvansız sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarını itələmişdir. O, dəfələrcə nizam intizama dəvət edils ədə öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, biraz hirsli olub, kiçik bir anlaşılmazlıqdır. Səhvini başa düşüb. Əməlindən səmimi peşmandır. Məhkəmədən yüngül tənbeh tədbiri tətbiq etməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 05 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun qadın olmasını və onun təqsirinin dərəcəsini, məhkəmə iclas zalında əməlini səmimi etiraf etməsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar