Məhkəmə qərarları › İş №3(021)-15/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-15/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-15/2025 16.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X32 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayətçi X16, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X19 inzibati xəta haqqında 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X16 (bundan sonra şikayətçi və ya Natiq Qasımov) verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X19 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X28 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Natiq Qasımov məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X19 09 dekabr2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Natiq Qasımov şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində qəbul edilən 09 dekabr 2024-cü il tarixli MN ******* saylı qərar ilə o, İXM-nin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə edilmişdir. Hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Bərdə Kommunal Müəssisələri Kombinatının rəisidir. Həmin kombinatda bir çox işçilər işləyir və hər birinin əmək müqavilələri vardır. Kombinata DOST agentliyindən X11 adlı bir işçi göndərilmiş, Zülfıyyə Salmanova ilə əmək müqaviləsi bağlanılmış və uzun zaman onlarla işləmişdir. Hər zaman yoxlanışa getdiyi zaman Zülfıyyə Salmanovanın işlədiyini görmüşdür. Hazırda onun barəsində qəbul edilmiş qərara əsasən qərarda adı qeyd edilən X7 isə şəxsən tanımır. Aldığı məlumata əsasən X18 Salmanovanın anasıdır. Onların iş vaxtı saat 09:00-da başlayır. İşçiləri hər gün həmin saatda işdə olurlar. X14 anası Gülüzar Salmanovanın nə üçün 07:30 radələrində Koroğlu küçəsində işləməsindən heç bir məlumatı yoxdur. X2 adlı işçisi olmamasına baxmayaraq, X6 əmək müqaviləsiz işləməsi və işlədiyi saatda vəfat etməsinə dair prokol tərtib edilərək ona cərimə yazılması qanunsuzluqdur. Halbuki, o, heç bir qanun pozuntusuna yol verməmiş, əmək müqaviləsiz heç bir işçi işlətməmişdir. Əmək Müfəttişliyi Xidməti X19 əməkdaşları ona qərəzli şəkildə cərimə yazırlar və cərimənin hansı səbəbə yazıldığını soruşduqda isə ona kobud sürətdə “cərimə sənindir ödə” deyirlər. Halbuki, həmin cərimə qanunsuz yazılmışdır. Məhkəmə iclasında X29 şikayətdə göstərdiklərini bir daha təsdiq edərək, əlavə olaraq göstərdi ki, Gülüzar Salmanova adlı işçisi olmamış, sonuncu qızı Zülfiyyə Salmanovanın əvəzinə səhər saat 08 radələrində onun əmək funksiyasını yerinə yetirərkən ölmüşdür. X15 Kombinatında isə iş saatı səhər saat 09:00-da başlamışdır. X23 Xidməti X19 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və barəsində İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi X17 göstərdi ki, X23 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən X16 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində cərimə növündə inzibati tənbeh tədbiri görülməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərar hazırda qüvvədədir. Şikayət əsassızdır və formal mülahizələr əsasında tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar Bərdə Rayon Prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən qəbul edilmiş, tərəflərindən hər hansı araşdırma aparılmamışdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X19 inzibati xəta haqqında iş üzrə 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X28 xx.xx.1963cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatdadır. Bərdə Rayon Prokurorluğunun “İnzibati Xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli 24-1-2-2-408-1563-1 qeydiyyat nömrəli qərarından görünür ki, Hüquqi şəxs (VÖEN: **********) Bərdə şəhər Kommunal Müəssisələr Kombinatının onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan rəisi, vəzifəli şəxs X28 (FİN 1LGCNPF)- xx.xx.1963-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə şəhər Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyən, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X19 tərtib etdiyi 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X28 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bərdə Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2025-ci il tarixli 08 nömrəli məktubundan görünür ki, sosial işçi X3 İş Mərkəzi MMC ilə müqavilə bağlamış və Kommunal Təsərrüfatı İdarəsinə təhkim olunmuşdur. Onun dislokasiya yeri (yəni təyin olunduğu iş yeri) Bərdə rayonu Koroğlu küçəsində yerləşir. Bərdə Kommunal Təsərrüfatı İdarəsinin işə işçi götürmək səlahiyyəti yoxdur. Onlar davamiyyət tabelini X36 MMC-yə göndərlər və bunun müqabilində işçilərin əmək haqqı kartına pul vurulur. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X23 Xidməti Qarabağ Regional X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 09 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli qərar qəbul etmişdir. Qərardan müəyyən olunur ki, X28 fiziki şəxs X6 haqqında əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməyərək 09 sentyabr 2024-cü il tarixdə 1 gün müddətinə iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında X23 Xidmətinin nümayəndəsi Natiq Qasımovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən araşdırma aparmadıqlarını, yalnız Bərdə Rayon Prokurorunun hazırda da qüvvədə olan 18 noyabr 2024-cü il tarixli qərarına əsaslanaraq qərar qəbul etdiklərini bildirmişdir. X29 isə Gülüzar Salmanova adlı şəxsi tanımadığını, sonuncunun qızı X20 İş Mərkəzi MMC ilə müqavilə bağlayaraq işə düzəldiyini və ona təhkim olunduğunu, onun ümumiyyətlə işçilərlə müqavilə bağlamaq səlahiyyətinin olmadığını, onların səlahiyyətlərinin yalnız X36 MMC-dən onlara təhkim edilən işçilərin işlərinə nəzarət edərək davamiyyət cədvəlinin (tabel) tərtib edilib əmək haqqı ödənilməsi üçün X36 MMCyə təqdim edilməsindən ibarət olmasını, həmin işçilərin əmək haqlarının da X36 MMC tərəfindən ödənildiyini, Bərdə Kommunal Təsərrüfatı İdarəsinin iş saatının saat 09:00-da başladığını, lakin Gülüzar Salmanovanın iş vaxtında deyil, səhər saat 08 radələrində öldüyünü, onun bundan xəbərinin olmasının mümkünsüz olduğunu bildirmişdir. İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin gerçək hallarından görünür ki, mərhum X4 Salmanova Bərdə Kommunal Təsərrüfatı İdarəsinin rəsmi işçisi olmamış, o, X36 MMC tərəfindən onlara təhkim edilən işçi olmuşdur. Bərdə Kommunal Təsərrüfatı İdarəsinin rəisi X34 İş Mərkəzi MMC tərəfindən onlara təhkim edilən işçilərlə əmək müqaviləsi bağlamaq səlahiyyəti olmamış, bu hal Bərdə Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2025-ci il tarixli 08 nömrəli məktubu ilə sübut olunur. X1 Salmanovanın işlərinə qızının xahişi ilə iş vaxtından kənar, o cümlədən, Bərdə Kommunal Təsərrüfatı İdarəsinə bu barədə məlumat verilmədən kömək etmiş və 09 sentyabr 2024-cü il tarixdə səhər saat 08 radələrində (iş vaxtı başlamamışdan əvvəl) ölmüşdür. Belə olan halda, Bərdə Kommunal Təsərrüfatı İdarəsinin rəisi Natiq Qasımovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X7 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi sübut olunmur. Göründüyü kimi, Bərdə Kommunal Təsərrüfatı İdarəsinin rəisi Natiq Qasımovun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə hesab edir ki, X23 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən Natiq Qasımovun barəsində 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, istinad olunan inzibati xətanın törədilməsində şəxsin təqsirli olmasına dair sübutlar yetərincə toplanmamış, bu barədə müvafiq sübutlar olmadan Natiq Qasımovun barəsində yuxarıda qeyd edilən “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İXM-nin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Ona görə X16 İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə X23 Xidməti X19 inzibati tənbeh vermə haqqında 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X19 inzibati tənbeh vermə haqqında 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar