Məhkəmə qərarları › İş №3(021)-1506/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1506/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1506/2023 09.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1940-cı il tarixdə Ağdam rayonu Əfətli kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Əfətli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, 27 iyul 2023-cü il tarixdə, sat 07:30 radələrində Yevlax-Ağdam- Laçın avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 33-cü kilometrliyində, sürücü xx xxx 1940-ci il təvəllüdlü, Ağdam rayonu Əfətli kəndində yaşayan Şəxs idarə etdiyi "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə arxa hissədən hərəkətdə olan, sürücü X2 idarə etdiyi “Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş. nəticədə traktorla toqquşmuş, nəticədə "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xəsarət alaraq Bərdə rayon Diaqnoztika Mərkəzinə müraciət etmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Əfətli kəndində yaşayı və təqaüdçüdür. Onun özünə məxsus "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ əsasında idarə edir. 27 iyul 2023-cü il tarixdə səhər radələrində O özünə məxsis "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə rayonu Şirvanlı kəndi ərazisində olan bulaqdan su götürmək üçün Yevlax- Ağdam-Laçın yolu ilə Bərdə rayonu istqiamətində yola düşmüş. həmin günü yəni, 27 iyul 2023-cü il tarixdə saat 07:30 radələrində o, idarə etdiyi "Vaz 21074 minik" markalı. **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu istiqamətində 60 km/saat sürətlə hərəkət edib yolun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən hissəsində avtomobilin yolun sağ hərəkət hissəsinin kənarında saxlamış və avtomobillərin gəlib keçməsini gözləmişdir. Həmin vaxt bir neçə avtomobil gəlib keçdikdən sonra o, avtomobili saxladığı yerdən 10-15 km/saat sürətlə hərəkət edib yolun sol hərəkət hissə istiqamətində dönmə əməliyyatı etmiş, bu zaman isə onun eyni istiqamətdə arxa hissədən hərəkətdə olan "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edib qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol qabaq hissəsindən vurub toqqusdu. Hadisə zamanı o, xəsarət alıb Bərdə rayonu Diaqnoztika Mərkəzinə müraciət etdi. Qǝzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində sərnişin və ya yük olmamışdır. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bərdə rayon Polis Şöbəsinin nümayədəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsada da məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələrinin istismarı qaydaları pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvurulması nəticəsində cinayət məsuliyyəti yaradır. Sürücü Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun da barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş. Sürücü Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati icraat açılması üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında 27 iyul 2023-cü il tarixli 922 nömrəli aktından məlum olur ki, sürücü X3 traktoru idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında 27 iyul 2023-cü il tarixli 923 nömrəli aktından məlum olur ki, sürücü Şəxs avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 avqust 2023-cü il tarixli 565 nömrəli rəyindən məlum olmuşdur ki, X2 bədənində aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağ İX qabırğa qövsünün yerdəyişməyən sınığı, sağ baldırın yuxarı 1/3-nin ön- bayır səthinin qançırı və sıyrığı-küt əşyanın təsirindən törənmişdir. əmələ gəlmə müddəti 27 iyul 2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla yarana bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbb blan sağlamlığa Yüngül zərər vurmaya aiddilər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 17 avqust 2023-cü il tarixli 571 nömrəli rəyindən məlum olmuşdur ki, Şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol qulaq nahiyəsinin cırılmış yarası-küt əşyanın təsirindən törənmişdir. əmələ gəlmə müddəti 27 iyul 2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla yarana bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 avqust 2023-cü il tarixli qərarı, habelə inzibati xəta haqqında 27 iyul 2023-cü il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ İnzibati xəta törətmiş Şəxs əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə və Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar