Məhkəmə qərarları › İş №3(021)-1532/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1532/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1532/2023 06.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Bərdə rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs Hümbət qızının, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bərdə rayonunda doğulmuş, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Şorəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 sentyabr 2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs Hümbət qızını döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Bərdə rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 17 sentyabr 2023-cü il tarixdə Bərdə rayonu Gərənə kəndində aralarında yaranmış şəxsi münasibətləri zəmnində mübahisə nəticəsində Şəxs arvadı Zərərçəkmiş şəxs Hümbət qızının belinə təpiklə vuraraq fiziki ağrı yetirmiş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt heç bir ictimai qayda pozulmamışdır. Qəsdən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Hümbət qızı verdiyi izahatında göstərdi ki, Şəxs onun əridir. Onlar iki ildir ki, ailə qurmuş və 1 az yaşlı uşaqları vardır. 14 sentyabr 2023-cü il tarixdə o, yaşadığı evdə olan zaman Talehə demişdir ki, o, atası evinə getməli və orada döşəkləri yumalıdır. Lakin Taleh ona icazə verməmişdir. o, isə Talehə gedəcəyini demişdir. səhəri gün o, atası evinə getmişdir. 17 sentyabr 2023-cü il tarixdə o, atası evində olan zaman Taleh oraya gəlmişdir. Taleh onu orada söyüb təhqir etmişdir. O, da Talehin söyüşlərini özünə demişdir. Həmin vaxt Taleh təpiklə onun belinə bir dəfə vurmuşdur. O, isə yerə yıxılmış və dizi üstünə düşmüşdür. Daha sonra isə Taleh oradan getmişdir. Onun hazırda heç bir xəsarəti yoxdur. Barəsində inzibati icraat aparılan Şəxs heç bir şikayət və tələbi yoxdur. Barışmışdır. Məhkəmədən Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Hümbət qızı onun arvadıdır. Onlar 2 ildir ki, ailə qurmuş və 1 az yaşlı uşaqları vardır. 14 sentyabr 2023-cü il tarixdə evdə olan zaman Sevda ona demişdir ki, o, atası evinə getməlidir. O, da Sevdaya tək getməməsini, onunla birlikdə getməsini demişdir. Lakin Sevda ona gedəcəyini demişdir. 15 sentyabr 2023-cü il tarixdə o, evə gələn zaman Sevdanın evdə olmadığını görmüşdür. O, Sevdanın arxası ilə atası evinə getmişdir. O, Sevdaya nə üçün ondan icazəsiz buraya gəldiyini demişdir. Sevda isə ona yaxşı etdiyini, onu saymadığını demişdir. o, həmin vaxt oradan getmişdir. 17 sentyabr 2023-cü il tarixdə o, yenə oraya getmiş, uşağına ərzaq almış, onu oraya aparmışdır. Həmin vaxt onların arasında mübahisə yaranmış, Sevda onu nalayiq ifadələrlə təhqir etmiş və atasına söymüşdür. O, həmin vaxt Sevdanın belinə təpiklə vurmuşdur. daha sonra isə oradan getmişdir, o, Sevdanı bir dəfə təpiklə belindən vurmuşdur. Lakin hazırda barışmışlar. Zərərçəkmiş şəxs Hümbət qızının şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs Hümbət qızı məhkəməyə yazılı ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə müşayiət edilən hərəkətlər mövcud olmadığından və zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından sonuncu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışması səbəbindən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar