Məhkəmə qərarları › İş №3(021)-1553/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1553/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1553/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxxxx 1986-cı ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuş, Bərdə şəhəri A.Vəzirov küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 529.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin Şəxs barəsində 24 iyun 2023-cü il tarixli inzibati tənbeh etmə haqqında tətbiq edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay vaxt müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyindən barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə şəhəri H.Əliyev prospektində yol kənarında yerləşən köşkü icarə əsasında işlədir. Köşkdə işləyən X7 və X4 ilə yazılı əmək müqaviləsi bağlasa da, həmin vaxtlar sistemə yerləşdirməmiş, bu səbəbdən də Əmək Müfəttişliyinin əməkdaşları işlətdiyi köşkə gələrək barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və 3000 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişlər. Onun həmin cərimə məbləğini ödəməyə maddi imkanı yoxdur. Odur ki, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin barəsində tərtib etdiyi 24 iyun 2023-cü il tarixli inzibati tənbeh etmə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 03 ay vaxt müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra mərhələsində borclunun əmlak vəziyyəti yoxlanılmış, üzərinə tələb yönəldilə biləcək əmlakları aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 14 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə şəhəri H.Əliyev prospektində “Şirin köşk” ticarət obyektində 2 nəfər fiziki şəxslə-X7 və X4 ilə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 24 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin Şəxs barəsində 24 iyun 2023-cü il tarixli inzibati tənbeh etmə haqqında tətbiq edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay vaxt müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 13 oktyabr 2023-cü il tarixli Aktdan görünür ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən Şəxs əmlakına baxış keçirmək üçün yaşadığı ünvanda olmuş, baxış keçirilərkən zəruri istifadədən kənar, üzərinə həbs qoyula biləcək əmlak aşkar olunmamışdır. İXM-in 529.1-ci maddəsində nəzərdə tutulur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi gərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsəri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İş materiallarından aydın odur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş, icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanistana qarşı” işində bu prinsipi belə vurğulamışdır.”...Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarları icra etmədikdə, yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Bundan başqa məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib edilmiş 24 iyun 2023-cü il tarixli MN ******* saylı qərara əsasən Şəxs barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində təqsirli bilindiyi İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs oğnuna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin 24 iyun 2023-cü il tarixli MN ******* saylı qərarına münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtan on gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar