Məhkəmə qərarları › İş №3(021)-156/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-156/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-156/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, hazırkı iş üzrə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional Şöbəsinin 20 fevral 2024-cü il tarixli, MN №1291221 nömrəli qərarının ləğv edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhər sakinidir. Onun barəsində 20 fevral 2024-cü il tarixli, MN №1291221 saylı qərar qəbul edilmiş və ona İXM-nin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə yazılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən təndir sexi vardır. Belə ki, həmin təndir sexində bir çox işçilər işləyir və hər birinin əmək müqavilələri vardır. Bundan əlavə orada işləyən işçilər işləri tam olaraq çatdırmadıqları üçün əlavə bir işçi götürmək qərarına gəlmişdir. Samir Əliyev adında bir şəxs Təndir sexinə yaxınlaşaraq işləmək istədiyi bildirmişdir. O, isə əmək haqqının minumum əmək haqqıya əsasən 350 manat olduğunu bildirmişdir. Samir Əliyev 3 gün müddətinə sexə gəlib-gedərək iş yükünün necə olduğunu bilmək istədi. O, isə onunla razılaşaraq 1 gün gəlib getməyini məsləhət görmüşdür. Samir Əliyev 1 gün idiki gəlib sexə getdiyi zaman Bərdə rayon Polis şöbəsinin əməkdaşları sexinə daxil olaraq işçiləri yoxladılar. Yoxladıqdan sonra gedərək bu işi başqa qaydada həll ediləcəyini bildirdilər. Aradan qısa zaman keçdikdən sonra adına X8 Xidməti Qarabağ regional Şöbəsinin 20 fevral 2024-cü il tarixli MN №1291221 saylı qərarının qəbul edildiyini bilmişdir. Qərara əsasən onun əmək müqaviləsi bağlamadan qanunsuz olaraq işçi işlətdiyini qeyd edirlər. Halbuki o heç bir qanun pozuntusuna yol verməmiş, əmək müqaviləsiz heç bir işçi işlətməmişdir. Həmçinin qeyd etmişdir ki, Bərdə rayon Polis şöbəsinin əlində heç bir sənəd olmadan onun təndir sexinə daxil olması daxil olduqdan sonra əmək müfəttişliyinə məlumat verməsi qanunsuzluqdur. Obyektlərin yoxlanılması reyestrində Daxili işlər nazirliyinin adı olmadığı halda Polis şöbəsinin onun sexinə daxil olması buradanda görünürki, qanunsuzluqdur. Bütün bu yanlış anlaşılmaları nəzərə alaraq onun barəsində qanunsuz protokol tərtib olunmuş və protokol əsasında qərar qəbul olunaraq ona cərimə yazılması olduqca qanunsuzluqdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 öz izahatında ona 3000 manat cərimə yazıldığını bildirmiş, etiraz etdiyini, çünki onun cərimədən xəbərinin olmamasını, X7 isə işçisi olmadığını, 1 gün idi ki, iş öyrənmək məqsədilə sexə gəldiyini bildirmişdir. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Bayramovun 2-3 günlük onu işə dəvət etdiyini, işi öyrənəcəyi təqdirdə gələcək üçün onu işə götürəcəyini bildirdi və həmin gün sexdə işçinin yıxıldığını və həmin işçini həkimə apardıqlarını, sonra onu polisə dəvət etdiklərini və orada izahat verdiyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi X12 öz ifadəsində şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, 09293385 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 – xx.xx.1976-cı ildə anadan olmuşdur. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional şöbəsinin rəisi X3 tərəfindən sahibkar X2 (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi nəticəsində həmin maddəyə uyğun olaraq 3000 (üç min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X7 Bərdə rayon Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, o, İ.Qayıbov küçəsində yerləşən Bayramov Zaura məxsus təndirxanada administrator kimi fəaliyyət göstərir, Zaur adlı şəxslə əmək müqaviləsi yoxdur, orada 350 manat əmək haqqı ilə çalışır. Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi Sərxan Cabbarov tərəfindən Bərdə RPŞ-nin rəisi Ənvər Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, polis leytenantı Oruc İsmayılovla birlikdə rayon ərazisində ictimai iaşə obyektlərinin mühafizə siqnalizasiyasına qoşulması və video-müşahidə kameralarına qoşulması ilə bağlı profilaktika keçirilərkən Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Təndir” sexində işləyən X4 X9 əmək müqaviləsi olmadan işçi olaraq işlətdiyi tərəflərindən aşkar edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla X6 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. AR.İXM-in 192.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Belə ki, iş materialları və tərəflərin izahatlarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 X9 əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi müəyyən edilmiş və o, vəzifəli şəxs olaraq İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş minimum həddə, yəni 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional şöbəsinin rəisi X3 tərəfindən X6 barəsində İXM-in 192.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar