Məhkəmə qərarları › İş №3(021)-1564/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1564/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1564/2022 19.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bərdə rayonunda doğulmuş, subay, orta təhsilli, işsiz, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayonu, Cəyirli kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis mayoru X3 izahatında bildirdi ki, Şəxs Bərdə rayonu, Cəyirli kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyindən şübhələnmişlər. Bundan sonra ondan test nümunəsi götürülmüş, narkotik sərxoşluğu olduğu təstiq olunmuşdur. Daha sonra MN ******* saylı protokoil tərtib etmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, Bərdə rayon Cəyirli kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Bərdə rayonunda işləyən mal bazarında fəhləlik edir. Bildirmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Təxminən bir ay bundan əvvəl, yaşadığı kənddə olan zaman yerdən selafon bükümdə qurudulmuş marixuana hissəcikləri tapmışdır. Əvvəllər marixuana istifadə etdiyi üçün yerdən tapdığı bükümün marixuana hissəcikləri olduğunu bilmişdir. O, daha sonra həmin qurudulmuş marixuana hissəciklərinin hamısının bir ədəd siqaretə doldurmuş və istifadə etmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. Daha sonra Bərdə rayon Polis şöbəsində ondan test üsulu ilə analiz götürülmüş, testin nəticəsi müsbət olmuşdur. O, da qurudulmuş marixuana istifadə etdiyini etiraf etmişdir. Himayəsində xəstə uşağı və anası var. 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcək. Məhkəmədən barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli HK-1/5149 saylı cinayət işinin rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, № 1055 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında protokoldan görünür ki, narkotik vasitə ( marixuana) sərxoşluğu vardır. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin və barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 19 dekabr 2022-ci il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs məhkəmə iclasında izahat verərək əvvəllər məhkumluğunun olmadığını bildirsə də, məlum olmuşdur ki, 23 noyabr 2018-ci il tarixli hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 08 ay 12 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bundan başqa şəxs “İİ Qarabağ” müharibəsi iştirakçısı olduğunu bildirmiş, lakin sonradan etiraf etmişdir ki, müharibədə iştirak etməmiş, müharibə dövründə Ağcabədi rayonunda arxa cəbhədə olmuşdur. Həmçinin Şəxs evli olduğunu, himayəsində xəstə uşağı olduğunu bildirsə də, bu faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilən halları məhkəmə, Şəxs inzibati məsuliyyətdən yayınmaq məqsədilə atılmış addımlar kimi qiymətləndirir. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati həbs tənbeh tədbirini tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 19 dekabr 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar