Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1567/2023 30.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 iştirakı ilə, xx xxxxx 1979-cu ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Səttarxan küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 0730 radələrində Bərdə şəhəri Səttarxan küçəsi ev 15-də xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmış, xx.xx.2023-cü il tarixdə saxlanılarkən polis əməkdaşlarına təkrarən müqavimət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 11 oktyabr 2023-cü il səhər saat 7 radələrində Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi yaşadığı ünvana gələrək onun və oğlu Adilin izahatını almaq üçün Bərdə RPŞ-nə dəvət etmişdir. Həmin vaxt Bərdə RPŞ-nə getməkdən qorxduğu üçün həmin ərazidən qaçıb getmiş, lakin polis əməkdaşına müqavimət göstərməmiş və heç bir xuliqanlıq hərəkətləri etməmişdir. xx.xx.2023-cü ildə Bərdə rayonu “Qaraçı bazarı” adlanan yerdə olarkən polis əməkdaşları ona yaxınlaşmış və onu Bərdə RPŞ-nə dəvət etmişlər. Bu zaman heç bir xuliqanlıq hərəkətləri etməmiş, polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. 11 oktyabr 2023-cü ildə polis əməkdaşının dəvəti ilə Bərdə RPŞ-nə getməyərək qaçdığına görə əməlindən peşmandır. Usta işləyərək ailəsini saxlayır. Ailədə ondan başqa işləyib qazanc gətirən yoxdur. Himayəsində azyaşlı övladı var. Söz verir ki, bir daha hər hansı qanun pozuntusu törətməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında göstərdi ki, Şəxs barəsində Bərdə RPŞ-nə şikayət olunduğundan sonuncunun izahatının alınması üçün xx.xx.2023-cü ildə yaşadığı ünvan 3 ünvana getmişdir. Şəxs və oğlu Adili izahat vermələri üçün RPŞ-nə dəvət etmişdir. Şəxs onun qanuni tələblərinə tabe olmayaraq ünvansız söyüşlər söyməyə, səs-küy salmağa başlamış, əl ataraq qalstukunu dartıb cırmış, daha sonra qaçıb getmişdir. xx.xx.2023-cü ildə polis əməkdaşları Şəxs Bərdə rayonu “Qaraçı bazarı” adlanan ərazidə saxlayaraq RPŞ-nə gətirmişlər. Həmin vaxt Şəxs sərxoş olmuş, polis əməkdaşlarına qarşı aqressivlik göstərmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 0730 radələrində Bərdə şəhəri Səttarxan küçəsi ev 15-də xırda xuliqanlıq hərəkətlərinə yol verməsi qeyd olunsa da, onun həmin xuliqanlıq hərəkətlərini hansı qaydada törətməsi əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, habelə bir daha hər hansı qanun pozuntusu törətməyəcəyinə vəd verməsini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 29 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq əlamətləri olmuşdur. “İnzibati qaydada tutma haqqında” 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə saat 0700-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 0700-da azad edilmişdir. “İnzibati qaydada tutma haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə saat 0700-da inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə görə, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs iki gün inzibati qaydada tutulduğundan onun barəsində təyin edilən cərimə növündə inzibati tənbeh İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki yüz manat məbləğində cərimənin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1567/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1567/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver