Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-157/2025 24.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X2, zərərçəkmiş şəxslər X7, X3, X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, müdafiəçi X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Bərdə rayonu Lək kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Lək kəndində yüksək səslə, nalayiq ifadələr işlətməklə polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X8 məhkəmə iclasında göstərdi ki, 23 mart 2025-ci il tarixdə Şəxs Bərdə rayonu Lək kəndində zərərçəkmiş şəxs X7 müraciəti əsasında hadisə yerində xidmətdə olan polis əməkdaşları çağırılmış, polis əməkdaşları Şəxs Əli Quliyevin ünvanına söyüş və təhqirlərin etdiyini, uca səslə açıqaşkar cəmiyyətə hörmətsizlik edərək ətrafda insanların olmasına baxmayaraq söyüş və təhqir dolu nalayiq ifadələrin səsləndirdiyini görmüş, vətəndaşı nizam intizama dəvət etmələrinə baxmayaraq Şəxs və anası polis əməkdaşlarını söyərək, onların qanunauyğun tələblərinə riayət etməməklə İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Şəxs Bərdə Rayonu Lək kəndində yaşayır, şəxsiyyəti mənfi xarakterizə olunur, özünü cinayətkar aləmin adamı kimi apararaq insanlardan qızıl almaqla faizə pul verir, faizi qaytarmış şəxslərin qızıllarını onların özlərinə vermir, müxtəlif bəhanələrlə dava-dalaş salaraq qanunla qorunan ictimai münasibətlərə mütəmadi olaraq qəsd edir. Bəzi kənd sakinləri hətta bu ailənin nümayəndlərinin qanunsuz əməllərindən bezərək kəndi tərk edib. Ərazidə olan polis əməkdaşları Şəxs sakitləşdirə bilmədiklərindən sahə rəisi olaraq hadisə yerinə gəlmiş, həmin vaxt Şəxs istifadəsində olan nəqliyyat vasitəsini sürərərək hadisə yerindən uzaqlaşmaq istədiyini, sonradan çevik tədbirlər nəticəsində onun qaçmasının qarşısı alınmışdır. Hazırda Şəxs qardaşının barəsində də Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. Şəxs barəsində xx.xx.2025-ci il tarixdə də analoji hüquqpozuntusuna yol verilmiş və Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirindən heç bir nəticə çıxarmamışdır. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun təmin edilməsini və Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 göstərdi ki, pula ehtiyacı olduğundan ona məxsus qızılı Şəxs girov verməklə faizə pul götürmüş və götürdüyü pulu da qaytarmışdır. Hadisə baş verən gün, yəni 23 mart 2024-cü il tarixdə Şəxs çağıraraq qızılı geri almaq üçün Bərdə rayonu Lək kəndində görüşmüş. Anar heç bir səbəb olmadan qızılı qaytarmaqdan imtina etmiş və mübahisə etməyə başlamışdır. Mən qızılın qaytarmasını tələb etdikdə o və qardaşı məni təhdid edərək, ünvanıma söyüşlər söyərək, kəndin içində səs-küy salmağa başladılar. Mən yaxınlıqda olan post patrul xidməti əməkdaşlarını çağıraraq, qardaşların məni döymək istədiyini, məni söyərək təhqir etdiklərini bildirdim. Polis əməkdaşları hadisə yerinə gələrkən Anar və anası daha kəskin söyüşlər söyərək onu və polis əməkdaşlarını təhqir etmişlər. Hətta polis əməkdaşlarından bir nəfər onu saxlamaq istədikdə o polis əməkdaşına müqavimət göstərməklə itələdi və papağını yerə saldı. Məhkəmə iclası başlayanadək Şəxs onu iclas zalında da təhdid etdiyini bildirdi. Şikayətçidir, Şəxs barəsində ən ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərşəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin polis nəfəri işləyən X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə təxminən 12:00 radələrində digər polis əməkdaşı X10 ilə birlikdə Bərdə rayonu, Lək kəndində xidmətdə olarkən adlarını sonradan bildiyi Əli Quliyevin və Şəxs mübahisə etdiyini müəyyən etmişlər. Belə ki, yaxınlıqda olduqlarından Əli Quliyev onları hadisə yerinə çağırmış, hadisə yerinə çatdıqda Şəxs ünvanlı ağır söyüş və təhqirlərlə Əlini təhqir etdiyini görmüşlər. Ətrafda insanlar olduğundan onlar Şəxs intizamlı olmağa dəvət etmiş, lakin Anar, qardaşı və anası onlara qarşı nalayiq ifadələr işlətmişlər. Belə olan təqdirdə onlar aranı sakitləşdirmək və baş vermiş hadisəyə aydınlıq gətirmək üçün Anarı və Əlini polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs müxtəlif əl-qol hərəkətləri ilə polisin qanuni tələbinə məhəl qoymamış, hətta maşına minib hadisə yerindən uzaqlaşmağa cəhd göstərmişdir. Anarın anası da onlara söyüşlər söymüş və təhqir etmiş və Anarın polis şöbəsinə aparılmasına maneə törətmişdir. Daha sonra ərazi üzrə polis sahə rəisi X5 məlumat verərək hadisə yerinə çağırmışlar. Əsgərli Fariz hadisə yerinə gəldikdən sonra çətinliklə də olsa Şəxs polis şöbəsinə gətirmək mümkün olmuşdur. Polis əməkdaşlarına və cəmiyyətə etdiyi aşkar hörmətsizliyə görə şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 zərərçəkmiş şəxs X9 ilə eyni məzmunlu ifadə verilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə rayonu, Lək kəndində yaşayır. Zərərçəkmiş şəxs Əli Quliyev onun tanışıdır. Əli Quliyevlə normal münasibətləri var, baş verən hadisədən onun xəbəri yoxdur. O Əlinin başqa şəxslə mübahisə etdiyini, həmin vaxt təsadüfən orda olduğunu, başqa şəxsin kim olduğunu bilmir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs gənc olduğunu, barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 və X9 zərərçəkmiş şəxs X10 ilə eyni məzmunlu ifadə verilmişdir. Məhkəmə iclasında hadisə yerindən çəkilmiş hissəvi video yazılara baxış keçirilmişdir. Video yazılara baxış zamanı Şəxs yanında olan qadının polis əməkdaşlarını söyüdüyü, Şəxs istifadəsində olan nəqliyyat vasitəsinin hadisə yerindən uzaqlaşdığı müəyyən edildi. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə danışaraq, nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 23 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 1350-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarlardan görünür ki, X11, X9, X10 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 3(021)-38/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Həsən Hüseynova inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, törətdiyi əməldən peşman olduğunu, şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 20 (iyirmi) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 23 mart 2025-ci il tаrixdən, saat 12:00–dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü mаddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilniərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetməninəvvəli 23 mart 2025-ci il tarixdən saat 12.00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-157/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-157/2025
24.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver