Məhkəmə qərarları › İş №3(021)-1647/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1647/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1647/2023 07.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Lək kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-522/2022 saylı icra sənədi üzrə borclu Şəxs 13000 manat məbləğində borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsinə əsasən X4 13000 manat məbləğində pul ödəməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. Borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Ona bir neçə gün vaxt verilərsə borcundan 2000 manat ödəyə bilər. Lakin hazırda heç bir ödəniş etməyə imkanı yoxdur. 07 noyabr 2023-cü il tarixdə saat 1100 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 13000 manat pul alınaraq tələbkar X4 verilməlidir. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmiş, hazırda 13000 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Tərəfindən borcludan borcun ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamış, Şəxs qətnamənin icrasından boyun qaçırmışdır. Həmin səbəbdən Şəxs barəsində axtarış qərarı çıxarılmış, sonuncu 07 noyabr 2023-cü il tarixdə saat 1100 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-522/2022 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Şəxs 13000 (on üç min) manat pul alınıb iddiaçı X3 xeyrinə verilməsi, işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi ödənilməli olan 129 (bir yüz iyirmi doqquz) manat tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Borclu Şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)- 522/2022 saylı icra sənədi üzrə hissə-hissə ödəniş etməyə söz vermişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-522/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 13000 manat pul alınaraq tələbkar X4 ödəməli olduğu halda, borclu borcunu ödəməmiş, 13000 manat məbləğində borcu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 07 noyabr 2023-cü ildə saat 1100-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 07 noyabr 2023-cü il tarixdən saat 1100-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 07 noyabr 2023-cü il tarixdən saat 1100-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar