Məhkəmə qərarları › İş №3(021)-1730/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1730/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1730/2023 16.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bərdə rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 16 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-851/2023 saylı 20 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclunun tələbkara əmlak üzrə 3499.5 manat borcu qalmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-851/2023 saylı 20 aprel 2023cü il tarixli icra sənədinə əsasən borclunun tələbkara əmlak üzrə 3499.5 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, yaranmış borcu heç bir üzürlü səbəb olmadan icra etməmişdir. İcra proses başlayandan ümumilikdə 1300 manat pulu hesaba ödəmişdir. Lakin zərərçəkmiş X3 borcu tam şəkildə ödənilməsini istəmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-851/2023 saylı 20 aprel 2023-cü il tarixli icra sənədinə əsasən tələbkara əmlak üzrə 3499.5 manat pul borcunu ödəməlidir. İmkanı çatdıqca ödəniş edir. Bugündə 300 manat ödəmişdir. Tam şəkildə ödəniş üçün imkanı yoxdur. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdiki, Şəxs hazırda borclarından mütəmadi olaraq ödənişlər edir. Qərəzli olaraq yayınma halları müşahidə olunmur. Məhkəmə prosesindən əvvəl isə daha 300 manat ödəniş etməsini nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-851/2023 saylı 20 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclunun tələbkara əmlak üzrə 3499.5 manat borcu qalmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs mütəmadi olaraq borcunu ödəyir. Yayınma halları müşahidə olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan üç yüz yetmiş manat məhkəmə iclasından öncə ödəmiş, bundan sonra borcun ödənilməsi ilə bağlı yayınma hallarının baş verməyəcəyi barədə söz vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, haZırki iş üzrə icra işi 25 may 2023-cü il tarixdə başlamış və hazırki günədək borclu tərəfindən mütəmadi olaraq müəyyən ödənişlər edilmişdir. Bu faktlar icra məmurunun izahatlarında məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Məhkəmə borcun birdən tələb edilməsinə münasibətdə isə qeyd edir ki, borculunun əmlak vəziyyəti, sosial və maddi rifahı da nəzərə alınmalıdır. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar