Məhkəmə qərarları › İş №3(021)-1748/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1748/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1748/2023 28.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, vəkili X4, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 iştirakı ilə, 23 avqust 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 noyabr 2023-cü il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlədərkən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 27 noyabr 2023-cü ildə kafedə dostları ilə pivə içmişdir. Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq sözlər işlətdiyindən polis əməkdaşları ona yaxınlaşaraq Bərdə RPŞ-nə aparmışlar. Lakin polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, onların qanuni tələbinə tabe olaraq onlarla polis şöbəsinə getmişdir. Nalayiq ifadələr işlətdiyinə görə polis əməkdaşlarından üzr istəyir. Əməlindən peşimandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında göstərdi ki, Şəxs xx.xx.2023-cü ildə saat 22 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində sərxoş vəziyyətdə ünvansız sözlər işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyindən, öz xidməti vəzifəsini icra edən polis əməkdaşları ona yaxınlaşaraq intizama dəvət etmiş, lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları Şəxs Bərdə RPŞ-nə dəvət etmiş, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X8 göstərdi ki, xx.xx.2023-cü ildə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Karona” çay evinin yanında xidmətdə olarkən Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişdir. Sonuncuya yaxınlaşaraq iradını bildirsə də, Şəxs yenə də nalayiq ifadələr işlətməyi davam etdirmişdir. Kömək üçün çağırışı əsasında həmin yerə gələn Bərdə RPŞ-nin PPXB-nin əməkdaşlarına da Şəxs müqavimət göstərərək onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri X6 göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis nəfəri Cahangir Savalanlı ilə xidməti ərazilərində olarkən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Murad Alıyev onları Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Karona” çay evinin yanına dəvət etmişdir. Həmin yerə çatarkən Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Sonuncunu intizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri X1 şahid Kərim Qarazadənin ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 27 noyabr 2023-cü il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə saat 2200-də inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən saat 2200-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən saat 2200-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar