Məhkəmə qərarları › İş №3(021)-1869/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1869/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1869/2023 29.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 iştirаkı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarından şikayətçi X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 təbii sərvətlər idarəsinin 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X4 12 dekabr 2023-cü il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı əsasında, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271.1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərarda buna əsas kimi göstərilmişdir ki, "Bərdə rayon Həsənqaya kənd sakinlərinin məişətində formalaşan tullantıları kənd arası yolun sağ tərəfində qalaqlmışdır" faktı əsasında inzibati xəta törətmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Bildirmişdir ki, sözügedən əraziyə qonşu kəndin sakinləri tərəfindən Bərdə-Tərtər yolunun əsas hissəsində zibil tullantıları ilə qalaqlanmışdır. Hətta zibil tullantıları kəndin əsas yolunu bağlamışdı, o isə həmin tullantıları öz vəsaiti hesabına təmizlətdirmişdir. Qeyd etməyi zəruri hesab edir ki, oxşar iş üzrə Zaqatala rayonu X8 müracitəinə Ədliyyə Nazirirliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məişət tullantılarının yığılması, nəql edilməsi, cavab verilmişdir ki, zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyənin vəzifəsi deyil, hüquqdur. Həmin iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(033)- 195/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı X10 Təbii Sərvətlər İdarəsinin qərarı ləğv edilmiş və təkrar araşdırılması üçün həmin İdarəyə qaytarılmışdır. Qeyd olunmalıdır ki, qanunvericilikdə məişət tullantılarının yığılması və daşınması ilə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifə qoyulmamış, yalnız bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X6 məhkəmə iclasında iştirak etmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək barəsində qəbul edilmiş 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərar ədalətsiz, qərəzli və qeyri-obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şikayətçinin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) izahatını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA0835602 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bələdiyyə sədri vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Həsənqaya bələdiyyəsinin sədridir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin məlumat vərəqəsindən görünür ki, 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarın icrası üçün X3 məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon Həsənqaya Bələdiyyəsinin 17 noyabr 2023-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə məişət tullantıları ilə qalaqlanmış yer tərəfimdən və Bərdə şəhər Kommunal təsərrüfat idarəsinin işçiləri ilə birlikdə yığışdırılaraq kommunal təsərrüfatın texnikasına ilə utvilizasiya üçün nəzərdə tutulmuş poliqona daşınması təmin olundu. Bununla əlaqədar olaraq həmin ərazinin təmizlənmiş halda çəkilmiş foto şəkilləri əlavə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 təbii sərvətlər idarəsinin rəis əvəzi X4 inzibati tənbeh vermə haqqında 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarın surətindən görünür ki, X6 İXM-nin 271-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İXM-in 271-ci maddəsinə əsasən, Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində də öz əksini tapmışdır. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. " Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində aidiyyəti qurumlar dedikdə həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Qeyd olunur ki, "Yerli İcra hakimiyyətləri haqqında" Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kim göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həm icra işi üzrə qərarın olması, həm də təqdim olunmuş fotoşəkillər məhkəməyə əsas verir ki, şikayət qismən təmin olunmalı, iş yenidən araşdırılmaya göndərilməlidir. Çünki, işdə olan arayışdan və fotoşəkillərdən ərazidə olan məişət tullantılarının təmizləndiyi və poliqona daşındığı, həmçinin hazırda ərazidə hər hansı məişət tullantısının olmadığı məlum oldu. Bundan başqa bələdiyyələrin vəzifəsi kimi birbaşa olaraq ərazidəki məişət tullantılarının təmizlənməsi funksiyası qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinə qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinin 12 dekabr 2023-cü tarixli, MN № ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X10 Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar