Məhkəmə qərarları › İş №3(021)-189/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-189/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-189/2025 21.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, fərdi əməklə məşğul olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21 aprel 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(021)-584/2020 nömrəli icra sənədinə əsasən Şəxs 11360 manat borcu yaranmışdır. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmişdir. 14 aprel 2021-ci il tarixdə icra sənədinin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Dəfələrlə xəbərdarlıq edilmiş, lakin borcunu ödəməkdən boyun qaçırmışdır. Son iki ayda cəmi 320 manat ödəniş etmişdir. Həmin ödənişlər borc məbləğindən çıxılmışdır. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi imkansızlıqdan borcunu ödəyə bilməmişdir. Hazırda işləmir, işləmədiyindən borcunu ödəyə bilməmişdir, bundan əlavə tələbkar ona uşağı ilə görüşməyə imkan vermir, uşağı göstərmir. Qardaşının iki azyaşlı uşaqlarını saxlayır. Aliment borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа tələbkar X8 ilə telefon vasitəsi ilə əlaqə yardaılmış, X8 bildirmişdir ki, borclu bu günə qədər alment borcunu ödəmir, yalnız 320 manat pul ödəmişdir, uşağını saxlamaqda çətinlik çəkir, aliment borcunu tələb edir, şikayətçidir, Şəxs barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati iş materiallarına istinad: Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(021)-584/2020 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(021)-584/2020 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(021)-584/2020 saylı icra vərəqəsi üzrə icranı 10 gün mddətində könüllü icra etməsi barədə məlumat verilmişdir, Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şəxs qeydiyyatda olduğu mənzilə baxış keçirilmiş, həmin mənzildə şəxsi istifadədən başqa üzərinə həbs qoyula biləcək əmlak aşkar olunmamışdır. Xəbərdarlıqlardan görünür ki, Şəxs borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Şəxs izahatlarından görünür ki, icra sənədi üzrə borcunu ödəməməsinin inzibati və cinayət məsuliyyətinə səbəb olması ona izah edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 21 aprel 2025-ci il tarixli MN №2090503 nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(021)-584/2020 saylı icra sənədinə əsasən 11360 manat borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(021)-584/2020 saylı icra sənədli üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarı). Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 21 aprel 2025-ci il saat 15:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar