Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1896/2025 07.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Qərardan şikayət vermiş X1 iştirakı ilə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin X2nin xx.xx.2025-ci il tarixli inzibait tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onun inzibati xəta törədilməsində təqsiri olmadığından DİN BDYPİ X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında işə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Toyota Prius markalı **-XA-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili X3 mülkiyyətindədir. Həmin maşını əvvəllər idarə edib. Hacı Zeynalov bu barədə xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək avtomaşını idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin maşını 2025-ci ilin avqust ayınadək idarə etsə də, sonradan maşın onun istifadəsində olmamışdır. xx.xx.2025-ci ildə ona cərimə gəldikdə ona məlum olub ki, avtomaşını o idarə etməsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimələnib və 20 balı keçdiyinə görə sürücülük, hüququndan məhrum edilib. Hansı ki, həmin vaxt Bakı şəhərində deyil, Bərdə şəhərində olmuşdur. Həmin vaxt inzibati xətaya yol vermədiyi halda, inzibati cərimə edilməsi və sürücülük hüququndan məhrum edilməsi qanunsuzdur. Şərh olunanlara əsasən hesab edir ki, barəsində qəbul edilmiş qərar etibarsız hesab edilməlidir. Məhkəmə iclasında X4 bildirdi ki, sonuncu etibarnəmə ona verildiyindən cərimə ona yazılmışdır. Lakin avtomobili idarə edən başqa şəxs olmuşdur. O, Ağdamda su idarəsində işləyir. Həmin vaxt istirahət günü olmadığından iş yerində olmuşdur. Cərimənin onun adından silinməsini və sürücülük hüququnun bərpa olunmasını məhkəmədən xahiş edi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərar qəbul etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli qurumun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin X2nin xx.xx.2025-ci il tarixli inzibait tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin X2 tərəfindən tərtib olunmuş 23 noyabr 2025-ci il tarixli, EQ 32193725 nömrəli protokoldan görünür ki, X4 23 noyabr 2025-ci il tarixdə saat 17:23-də Q.Qarayev prospekti, Dakar dairəsi yaxınlığı Q.Qarayev metrostansiyası istiqamətində Toyota Prius markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1.5.9, 5.10.1-5.10.3 nişanları ilə nömrələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə, bu məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333.1-1, 342.7, 343.1, 343.1-1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1997-ci ildə anadan olmuşdur. İş materiallarında olan AE seriyalı 238275 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanıdır. 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 327.7. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327- 1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin X2nin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1 protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; Məhkəmə qeyd edir ki, bütün qeyd edilən bu hallar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar, inzibati xəta əməlinin həqiqətən kimin tərəfindən törədilməsi halı iş materiallarına əsasən tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X1 əməlinə hüquqi qiymət verilməlidir. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra X1 İXM-in 327.1-1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş əməli həqiqətən törədib-törətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin X2 tərəfindən 24 noyabr 2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin orqana qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi, X2 tərəfindən EQ 32193725 saylı protokol əsasında qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1896/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1896/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver