Məhkəmə qərarları › İş №3(021)-19/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-19/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-19/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Bərdə rayonunda doğulmuş, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2023-cü il tarixdə saat 17:20 radələrində Bərdə şəhəri, Babək küçəsində yerləşən Bərdə rayon Polis Şöbəsinin girişində, “qapı” postunda uca səslə nalayiq ifadələr işlədərək digər şəxslə mübahisə etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəstən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs 10 yanvar 2023-cü il tarixdə saat 17:20 radələrində Bərdə şəhəri, Babək küçəsində yerləşən Bərdə rayon Polis Şöbəsinin girişində, “qapı” postunda uca səslə nalayiq ifadələr işlədərək digər şəxslə mübahisə etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəstən tabe olmamışdır. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 10 yanvar 2023-cü il tarixdə saat 17:20 radələrində ailəsi ilə birlikdə avtomobildə hərəkətdə olan zaman Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış, Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş və polis bölməsinə getməzdən əvvəl polis əməkdaşlarının dəvətinə qarşı gəlməmişdir. O, ilk öncə polis əməkdaşlarının müşayəti ilə ailəsini düşürtmək üçün evə getmiş, sonra isə Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Bərdə rayon Polis Şöbəsinin giriş qapısının yaxınlığında tanımadığı mülki şəxs tərəfindən hücuma məruz qalmışdır. Polisin tələblərinə qarşı gəlməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Tərtib edilmiş protokol əsassız olduğundan icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib edilmiş protokol əsassız olduğundan icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, 10 yanvar 2023-cü il tarixdə Bərdə rayon X8 Patrol Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Hüseyn Abbasov ilə birlikdə Bərdə şəhəri, Babək küçəsində xidmətdə olduğu vaxt bir nəfər şəxs uca səslə nalayiq ifadələr işlədərək digər şəxs ilə mübahisə dərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona yaxınlaşaraq onu dəfələrcə nizam intizama dəvət etmişlər. Lakin Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək aqressiv şəkildə təkrar uca səslə nalayiq ifadələr işlətmişdir. Bu hərəkətlərinə görə qanunla nəzərdə tutulan qaydada barəsində tədbir görülməsi üçün onu Bərdə rayon Polis Şöbəsinə dəvət etsələrdə Şəxs polis nəfərlərinin sözlərinə məhəl qoymayaraq qaçmaq istədikdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 10 yanvar 2023-cü il tarixdə Bərdə rayon X8 Patrul Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Məhəmməd Məhəmmədli ilə birlikdə Bərdə şəhəri, Babək küçəsində xidmətdə olduğu vaxt bir nəfər şəxs uca səslə nalayiq ifadələr işlədərək digər şəxs ilə mübahisə dərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona yaxınlaşaraq onu dəfələrcə nizam intizama dəvət etmişlər. Lakin Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək aqressiv şəkildə təkrar uca səslə nalayiq ifadələr işlətmişdir. Bu hərəkətlərinə görə qanunla nəzərdə tutulan qaydada barəsində tədbir görülməsi üçün onu Bərdə rayon Polis Şöbəsinə dəvət etsələrdə Şəxs polis nəfərlərinin sözlərinə məhəl qoymayaraq qaçmaq istədikdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 10 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar mövcud deyildir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar