Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-208/2025 08.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayətçi X3, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarından X3 (bundan sonra şikayətçi və ya Natiq Qasımov) verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarına əsasən X5 Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Natiq Qasımov məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Natiq Qasımov şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində 04 aprel 2025-ci il tarixli MN ******* saylı qərar qəbul edilmiş və ona İXM-nin 234.0.5-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat cərimə yazılmışdır. Onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, o X2 Kombinatının rəisidir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi 06 mart 2025-ci il tarixli ******* nömrəli protokol əsasında 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul edilmişdir. Qanunsuz qərara əsasən ona qanunsuz bir məbləğdə cərimə yazılmışdır. Halbuki, o heç bir qanun pozuntusuna yol verməmiş, tullantıların toplanması və yandırılması tətbiqi qaydalarını pozmamışdır. Belə ki, protokola əsasən Bərdə rayon ərazisində tullantıların toplanması və yandırılması ərazisində onun hava çirklənməsini yaratdığını bildirirlər. Lakin onların həmin yer ilə heç bir əlaqələri yoxdur. Həmin ərazidə məcburi köçkünlər və qaçqınlar yaşayırlar. Daxili qoşun, böyük korpus, qaçqın qəsəbələri və Bərdə rayonunun böyük kəndləri zibillərini ora atır və orada olan zibillər çeşidlənməmiş qalır. Zibillər çeşidlənmədiyi üçün də zibil öz-özünə alışaraq yanmağa başlayır. Nəticədə tüstü çıxaraq atmosferi çirkləndirir. Bu halla isə onların heç bir əlaqələri yoxdur. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona qərəzli şəkildə cərimə yazmışlar və cərimənin hansı səbəbə yazıldığını soruşduqda isə ona kobud surətdə “cərimə sənindir ödə” deyirlər. Hesab edir ki, həmin cərimə qanunsuz yazılmışdır. Məhkəmə iclasında şikayətçi Natiq Qasımov şikayətdə göstərdiklərini bir daha təsdiq edərək, əlavə olaraq göstərdi ki, ərazinin yandırılması ilə bağlı heç bir göstəriş verilməmiş, ekologiyanın korlanmasına heç vaxt yol verməmişdir. Barəsində tərtib edilmiş protokol qanunsuzdur. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsi ilə qəbul edilmiş 04 aprel 2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və barəsində İXM-nin 234.0.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 göstərdi ki, ərazidə zibil tullantılarının yandırılması və bunun nəticəsində də ətrafı tüstü bürüməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında idarənin əməkdaşları əraziyə baxış keçirmiş və zibilliyin yandırıldığını, ətrafı tüstü bürüdüyünü aşkar etmişlər. X6 yandırmasa da, həmin yerə sonuncu cavabdehlik daşıdığından onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin yer hasarlı olmalıdır, gözətçi olmalıdır, kimsə kənardan ora zibil tökürdüsə buna imkan verməməli idi ki, əraziyə o nəzarət edir. Traktorla ərazidə xəndəklər qazılmalı və zibil töküldükdən sonra üstü torpaqlanmalı idi. Ərazidə şərait olmadığından ola bilər ki, zibil qızışmadan da yana bilər və ya ərazidə dəmir axtaran şəxslər də yandıra bilərlər. Yandıran şəxs məlum olmadığından protokolu Natiq Qasımovun adına tərtib etmişlər. Sonuncu həmin yerə gözətçi təyin etməli, gözətçi yanğın barədə Natiq Qasımova məlumat verməli, sonuncu da bu barədə onlara məlumat verməli olduğu halda bunu etməmişdir. Bərdə rayonunda yerləşən zibil tullantıları poliqonuna Natiq Qasımov tərəfindən nəzarət edilməsi barədə onlarda heç bir rəsmi sənd yoxdur. Bu barədə sənədi Natiq Qasımov özü təqdim etməlidir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında iş üzrə 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X5 xx.xx.1963cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 13 may 2014-cü il tarixli 68 nömrəli Sərəncamından görünür ki, Bərdə şəhərinin məişət tullantılarının toplanması üçün istifadə olunan Bərdə-Qasımbəyli yolunun sağ tərəfində olan dövlət fondu torpağının 3,70 hektar torpaq sahəsinin Bərdə şəhərinin məişət tullantılarının toplanması üçün ayrılması, Bərdə şəhərinin məişət tullantılarının toplanması üçün ayrılmış torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 fevral 2025-ci il tarixli tapşırığından görünür ki, Bərdə rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi X10 rayon Qasımbəyli kəndi ərazisində formalaşan məişət tullantılarının zərərsizləşdirilməsinin mövcud qanunvericiliyin tələblərinə uyğun idarə edilməsi, Bərdə rayon Qasımbəyli kəndi ərazisində formalaşan məişət tullantılarının poliqon ərazisində zərərsizləşdirilməsinə nəzarət tədbirlərinin gücləndirilməsi tapşırılmışdır. -Ekoloji tələbin aradan qaldırılması üçün 1 ay icra müddəti verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 mart 2025-ci il tarixli 89267 nömrəli aktından görünür ki, Bərdə rayonu Qasımbəyli kəndinə gedən avtomobil yolnun sağ hissəsində tullantıların yerləşdirilməsi poliqonuna baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, qeyd edilən poliqon Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 68 saylı sərəncamı ilə 3,70 ha ərazi tullantıların yerləşdirilməsi üçün ayrılmışdır. Həmin poliqon Bərdə şəhərindən 1 km məsafədə yerləşir. Bundan başqa 1993-cü il tarixdən məcburi köçkünlər həmin poliqonun ətrafında məskunlaşaraq hal-hazırda da orada yaşayırlar və həmin yaşayış məntəqələri ilə poliqonun ara məsafəsi təqribən 70-80 metrdir. Poliqona baxış keçirərkən məişət tullantılarının naməlum səbəbdən yanaraq tüstüləməsi, tullantıların çeşidlənməməsi, utlizasiya işlərinin aparılmadığını və tullantıların poliqonda olan xəndəklərə kürünərək tökülməsini, lakin üzərinin torpaqla örtülmədiyini müəyyən etmişlər. “İnzibati xəta haqqında” 06 mart 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati Xəta haqqında” 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində inzibati qaydada 2500 (iki min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi X3 Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 04 aprel 2025-ci il tarixdə MN ******* nömrəli qərar qəbul etmişdir. Qərardan müəyyən olunur ki, X5 xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Bərdə rayonu ərazisində tullantıların toplanması və yandırılması qaydalarının pozulması nəticəsində atmosfer havasını çirkləndirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, X8 rayonu Qasımbəyli kəndi ərzisində yerləşən məişət tullantıları poliqonuna nəzarət etməsi səlahiyyətində olması və poliqonda baş verənlərə görə məsuliyyət daşıması barədə onlarda heç bir rəsmi sənədin olmadığını, lakin bütün rayonlarda poliqonlara Kommunal Təsərrüfatı İdarələrinin məsuliyyət daşıdıqlarını bildirmişdir. İXM-nin 234.0.5-ci maddəsinə görə, tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin gerçək hallarından görünür ki, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 13 may 2014-cü il tarixli 68 nömrəli Sərəncamına əsasən Bərdə şəhərinin məişət tullantılarının toplanması üçün istifadə olunan Bərdə-Qasımbəyli yolunun sağ tərəfində olan dövlət fondu torpağının 3,70 hektar torpaq sahəsi Bərdə şəhərinin məişət tullantılarının toplanması üçün ayrılmışdır. Lakin qeyd olunan poliqona Bərdə rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən nəzarət etməsi məhkmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa, sözügedən ərazidə olan zibil tullantılarının məhz Bərdə Kommunal Təsərrüfatı İdarəsinin rəisi Natiq Qasımov tərəfindən və ya onun göstərişi əsasında yandırılması protokol tərtib etmiş orqan tərəfindən sübut edilməmişdir. Həmin fakt məhkəmə iclasında aparılan araşdırma ilə də müəyyən edilmədi. Belə olan halda, Bərdə Kommunal Təsərrüfatı İdarəsinin rəisi Natiq Qasımovun tərəfindən tullantıların toplanması, yandırılması qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsi sübut olunmur. Göründüyü kimi, Bərdə Kommunal Təsərrüfatı İdarəsinin rəisi Natiq Qasımovun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Natiq Qasımovun barəsində 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, istinad olunan inzibati xətanın törədilməsində şəxsin təqsirli olmasına dair sübutlar yetərincə toplanmamış, bu barədə müvafiq sübutlar olmadan Natiq Qasımovun barəsində yuxarıda qeyd edilən “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İXM-nin: 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Ona görə X3 İXM-nin 234.0.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati təhbeh vermə haqqında 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-208/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-208/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver