Məhkəmə qərarları › İş №3(021)-212/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-212/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-212/2025 01.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Bərdə rayonu Saatlı kəndində anadan olmuş, subay, işləməyən, Bərdə rayonu Saatlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 334-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində idarə etdiyi VAZ-21074 minik markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri Koroğlu küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, məlum olmuşdur ki, o avtomobili sürücülük hüququ olmadan orta dərəcə sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, Bərdə şəhərində yerləşən qəbristanlıqda fəhlə işləyir. VAZ-21074 minik markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobil Elsevər adlı şəxsə məxsusdur. Narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotiki ona tanışı vermişdir. Marixuanadan istifadə edərək Elsevərə məxsus avtomobillə Bərdə şəhərində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları onu saxlamış və həkim müayinəsindən keçirərək narkotik vasitədən istifadə etdiyini müəyyən etmişlər. Avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. Səhvini başa düşür, əməlindən peşimandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X2 göstərdi ki, Bərdə şəhəri Koroğlu küçəsində xidmətdə olarkən Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün idarə etdiyi VAZ-21074 minik markalı, **- AB-*** dövlət nömrə nişanlı avtomobil saxlanılmışdır. Sonuncunun davranışlarına görə sərxoş olması onlarda şübhə doğurduğundan həkim dəvət etmiş və Şəxs həkim münayinəsindən keçirmişlər. Məlum olmuşdur ki, sonuncu avtomobili narkotik vasitə olan marixuanadan istifadə etməklə idarə edir və sürücülük hüququ yoxdur. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan: “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 01 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs sürücülük hüququ olmadan, nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 01 may 2025-ci il tarixli 1357 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs orta dərəcəli (marixuana) sərxoşluq əlamətləri aşkar edilmişdir. İXM-nin: 334-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 01 may 2025-ci il saat 1200dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibаti həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 01 may 2025-ci il saat 1200-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar