Məhkəmə qərarları › İş №3(021)-217/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-217/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-217/2025 02.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, mülki iş üzrə tələbkar X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə şəhəri H.Aslanov küçəsi döngə 12 ev 8-də yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment alınaraq iddiaçı X4 xeyrinə ödənilməlidir. Protokol üzrə borclunun 1550 manat borcu yarandığı qeyd edilsə də məhkəmə prosesindən əvvəl Şəxs borclu olduğu məbləğdən 300 manat ödəmişdir. Hazırda borclunun 1250 manat borcu yaranmışdır. Borcun yönəldilə biləcəyi əmlakı yoxdur. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Telman oğlu bildirdi ki, əvvəllər dəmir tullantılarının yığılıb satılması ilə məşğul olmuşdur. İki ay olar ki işdən çıxmışdır. İşlədiyi vaxtda aliment məbləğindən ödənişlər etmişdir. Borclu olduğu məbləğdən mart ayında 200 manat, hazırda isə 300 manat ödəmişdir. Ayın sonunda isə yenə ödəniş edəcəkdir. Maddi imkansızlıq və işsizlik səbəbindən borcunu ödəyə bilməmişdir.Borcun ödənilməsi barədə ona xəbərdarlıq edilib, Bərdə Rayon İcra və probasiya Şöbəsinə dəvət edilmiş, izahat yazmışdır, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclаsındа tələbkar X5 bildirmişdir ki, borclu X8 daima alimentin ödənməsini 2 ay bəzən 3 ay gecikdirmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə alimentin ödənilməsi ilə bağlı dəfələrlə müraciət etsə də hazırda borcludan şikayəti yoxdur. Bocludan alimenti vaxtlı vaxtında ödənilməsi tələb edir. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(021)-3457/2023 nömrəli icra sənədindən görünür ki, Şəxs hər ay bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(021)-3457/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023cü il tarixli 2(021)-3457/2023 saylı icra sənədi üzrə borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş X5 tərəfindən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə yazılmış ərizədən görünür ki, Şəxs tərəfindən aliment borcundan 200 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 02 may 2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs aliment borcundan 300 manat ödəniş etmişdir. İnzibati iş materiallarına əlavə edilmiş X5 tərəfindən Bərdə Rayon Məhkəməsinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, X5 ərizəsində Şəxs ilə borcun ödənilməsi barədə razılaşdıqlarını göstərərək iş üzrə icraata xitam verilməsini və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 2 may 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(021)-3457/2023 saylı icra sənədinə əsasən aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(021)-3457/2023 saylı icra sənədli üzrə tələbkara olan borcunundan müəyyən məbləğdə ödəniş etmiş, Bərdə Rayon icra və Probasiya Şöbəsinimn icraatında olan icra sənədi üzrə borcunu heç bir yerdə işləmədiyindən ödəməmişdir. Bundan əlavə icra sənədi üzrə tələbkar X5 məhkəməyə ərizə verərək borcun ödənilməsi ilə bağlı borclu Şəxs ilə razılığa gəldiklərini bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq hissə-hissə də olsa ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinə münasibətdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar