Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-218/2025 02.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə rayonunda anadan olmuş, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu, Şahvəlilər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Hacıyev X1 Cəmaləddin Süleyman oğlunun ünvanına Şahvəlilər kəndində nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət etsələr də, heç bir nəticəsi olmamışdır. Beləliklə Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu il maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmədən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, sosial şəbəkə hesabında statusa aid şikayət barəsində məlumatı vardır. Digər hallarda o heç bir təhqirə yol verməmişdir. Telefonun onun olmasına baxmayaraq, o heç bir status yazmamışdır. 1 il qabaq onun xəbəri olmadan Hüseynov Cəmaləddin Süleyman oğlunun sosial şəbəkə hesabında şərh yazılmışdır. Hesab edir ki, azyaşlı uşaqlar tərəfindən bu şərh yazılmışdır. O, yaxşı başa düşür ki, şəhid ailələrinə xüsusi hörmət bəslənməlidir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında inzibati xəta törətmiş şəxsi müdafiə edərək, məhkəmədən ona daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak etmiş Hüseynov Cəmaləddin Süleyman oğlu izahat verərək qeyd etmişdir ki, sosial şəbəkə hesabında Şəxs onu təxmini 1 il əvvəl dələduz adlandıraraq təhqirə yol vermişdir. Bundan başqa, dəfələrlə qapılarının qarşısından keçərək uca səslə onu səsləmiş, sonradan oradan uzaqlamışdır. Dəfələrlə o, mal-heyvanlarla ona məxsus obyektin qarşısından keçərək səs-küy salmışdır. Məhkəmədən barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Hüseynov Cəmaləddin Süleyman oğlunun ünvanına Şahvəlilər kəndində nalayiq ifadələr işlədilmiş, həmçinin sosial şəbəkədə nalayiq şərhlər yazılmışdır. Nəticədə Şəxs Süleyman oğlu tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati iş üzrə zərəçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki. Hüseynov Cəmaləddin Süleyman oğlunun inzibati iş üzrə icraat materialı üzrə zərəçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi işin halları, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin hallarını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 510-cu mаddəsi ilə təqsirli bilinməli, barəsində 50 (əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. 2.Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 3.Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Ziya Abdullayev