Məhkəmə qərarları › İş №3(021)-259/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-259/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-259/2024 12.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 mart 2024-cü il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 12 mart 2024-cü il tarixdə hərbi biletinə möhür vurdurmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə getmişdir. Hərbi biletinə möhür vurmadıqlarına görə əsəbiləşmiş, ucadan danışaraq ünvansız söyüşlər söyməyə başlamışdır. Həmin vaxt sərxoş olmuş, özündə olmamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin maddi texniki təminat bölməsinin qulluqçusu X4 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 0420 radələrində Şəxs sərxoş halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin çöl dəmir qapısını təpiyi ilə güc tətbiq etməklə açmağa cəhd etmiş və buna qismən nail olmuşdur. Ümümi olaraq Xidmətin əməkdaşlarına qarşı, bəzi hallarda isə ünvansız söyüşlər, nalayiq ifadələr işlətmişdir. Hadisə barədə dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin rəisinə, bundan başqa DİNnin 102 xidmətinə məlumat verilmişdir. Əraziyə gələn polis əməkdaşları saat 0430 radələrində Şəxs Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Şəxs xx.xx.2024-cü ildə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin giriş qapısında, sərxoş vəziyyətdə ünvansız söyüşlər söyərək şöbənin giriş qapısını təpikləmiş, öz xidməti vəzifəsini icra edən polis əməkdaşları ona yaxınlaşaraq intizama dəvət etmiş, lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları Şəxs saat 0430 radələrində Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan: “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən daxil olmuş müraciət əsasında toplanmış HK-1-997 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin Bərdə rayonu Qazaxlar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək, belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 izahatları, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 12 mart 2024cü il tarixli, 342 nömrəli aktdan görünür ki, Şəxs orta dərəcə sərxoşluq əlamətləri olmuşdur. İXM-nin 33.1.7-ci maddəsinə görə, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Ona görə də inzibati xətanı sərxoş vəziyyətdə törətməsi İXM-nin 33.1.7-ci maddəsinin tələbinə uyğun olaraq, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 12 mart 2024-cü il tarixdə saat 0430da polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Ona görə də, inzibati həbs etmənin başlanğıcı 12 mart 2024-cü il tarixdən saat 0430dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 12 mart 2024-cü il tarixdən saat 0430-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar