Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-274/2021 16.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi X4, X1 iştirakları ilə, 26 iyun 1962-ci ildə Bərdə şəhərində doğulmuş, ali təhsilli, diş həkimi işləyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin MN ******* saylı, 31 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Azərbaycan Respublikası Səhiyyə Nazirin müavini X3 MN № ******* saylı, 31 avqust 2020-ci tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X10 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirin müavini X3 MN № ******* saylı, 31 avqust 2020-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 3(021)-957-2020 saylı qərarı ilə şikayət qismən təmin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X10 barəsində inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 31 avqust 2020-ci tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 3(021)-957-2020 saylı qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-13/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 3(021)-957/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında görünür ki, 09 mart 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında tərəflər iştirak etməmiş və məhkəməyə gəlməməklərinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə baxış iclası 16 mart 2021-ci il tarixə təxirə salınmışdır. 16 mart 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında X9 Ədil oğlu iştirak edərək məhkəmə iclasında verdiyi izahatında bir daha göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirin müavini X3 MN № ******* saylı, 31 avqust 2020-ci tarixli qərarı qanuna ziddir. Belə ki, həmin qərarla onun qanunla qorunan hüquqları kobud qaydada pozulmuşdur. Sözügedən qərarda qeyd edilmişdir ki, o Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən obyektə xüsusi razılıq (lisenziya) olmadan özəl tibb fəaliyyəti ilə məşğuldur. Halbu ki, o, fiziki şəxsdir və fiziki şəxs kimi vergi ödəyir. Lakin cərimə qərarında onu hüquqi şəxs kimi cərimə ediblər. Qanunda göstərilir ki, onun kimi şəxslər qanunla müəyyən edilmiş qaydada öncədən xəbərdar edilir, ona isə heç bir xəbərdarlıq edilməmiş, araşdırma üçün dəvət edilməmişdir. Qanunsuz qəbul edilmiş qərar onun psixoloji sarsıntılar yaşatmasına səbəb olur və əsəblərinin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin qəbul etdiyi qanunsuz və əsassız qərar onun ağır olan maddi vəziyyətinə mənfi təsir edərək maddi durumunu ondan da ağır olmasına səbəb olur. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərə tutulmuş inzibati xəta haqqında 31 avqust 2020-ci tarixdə tərtib etdiyi MN № ******* saylı qərarı qanunsuz, əsassız olduğu üçün ləğv edilməli və o 5000 (beş min) manat inzibati cəriməni ödəməkdən azad edilməlidir. Məhkəmə iclasında X9 Ədil oğlu əlavə olaraq göstərdi ki, uzun müddətdir ki, müvafiq fəaliyyətlə məşğul olması üçün Səhiyyə Nazirliyinə sənədləri təqdim etmişdir. Səhiyyə Nazirliyi standartlara uyğun binanın tikilməsini tələb etmişdir. X5 buna imkanı olmadığını bildirmişdir. Lakin, bu günədək ona xüsusi razılıq (lisenziya) verilib-verilməməsi barədə məlumat verilməmişdir. Qanunsuz fəaliyyət göstərməmiş vaxtı-vaxtında dövlətə vergi ödəmişdir. Yoxlama ilə bağlı xəbərdarlıq ona olunmamış, barəsində inzibati icraat onun iştirakı olmadan aparılmışdır. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, nümayəndə çoxsaylı məhkəmə işləri ilə bağlı Bərdə şəhərinə gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Sədrlik edən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 26 iyun 1962-ci ildə Bərdə şəhərində doğulmuş, ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirin müavini X3 inzibati tənbeh vermə haqqında 31 avqust 2020-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, 20 avqust 2020-ci il tarixli, MN № ******* nömrəli protokolla 20 avqust 2020-ci il tarixdə saat 12:00-da Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən X7 məxsus obyektdə plandankənar yoxlama aparılarkən lisenziya olmadan özəl tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olması faktı aşkar olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırır. Bu Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Bu Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Bu Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 işə baxılmasının yeri və vaxtı barədə məlumatın çatması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, iş materiallarında olan məhz inzibati xəta haqqında işə baxılan gün həmin şəxsin məlumatlandırılması ilə bağlı hər hansı sübut aşkar edilməmişdir. Bundan başqa, məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X11 bildirmişdir ki, o, uzun müddətdir ki, müvafiq fəaliyyətlə məşğul olması üçün Səhiyyə Nazirliyinə sənədləri təqdim etmişdir. Lakin, bugünədək ona xüsusi razılıq (lisenziya) verilib-verilməməsi barədə məlumat verilməmişdir. Eyni zamanda bildirir ki, o, həmin dövrdə qanunsuz fəaliyyət göstərməmiş vaxtı-vaxtında dövlətə vergi ödəmişdir. Həmçinin yenidən araşdırma zamanı X5 fiziki və ya vəzifəli şəxs olub-olmadığı da dəqiqləşdirilməli, sonuncunun adına olan VÖEN hesabının aktiv olub-olmadığı da aydınlaşdırılmalıdır. Odur ki, məhkəmə qeyd edir ki, işə yenidən baxılan zaman barəsində qərar qəbul edilmiş şəxs işin baxılması vaxtı və yeri barədə qanunamüvafiq olaraq səlahiyyətli orqan tərəfindən məlumatlandırılmalıdır. Eyni zamanda, məhkəmə tərəfindən yuxarıda göstərilmiş hallar araşdırılaraq qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X6 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada hazırki iş materiallarında ola sübutlarla sübuta yetirilməmiş, səlahiyyətli orqa tərəfindən tam, obyektiv və hərətəfli araşdırma aparılmamışdır. Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 avqust 2020-ci il tarixli, MN № ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X11 barəsində inzibati tənbeh vermə haqqında 31 avqust 2020-ci il tarixli, MN №0757293 saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-274/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-274/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver