Məhkəmə qərarları › İş №3(021)-296/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-296/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-296/2021 09.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin nümayəndəsi, polis kapitanı X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bərdə rayonu Hacallı kəndində doğulmuş, işləməyən, evli, himayəsində iki uşağı olan, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X5 ilə Bərdə rayonu Hacallı kəndində aralarında olan mübahisə zamanı mobil telefonla danışanda onu söyərək təhqir etmişdir. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2020-ci tarixli 3(104)-1398/2020 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan zərərçəkmiş şəxs X5 tərəfindən apellyasiya şikyəti verilərək Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2020-ci tarixli 3(104)-1398/2020 saylı qərarının ləğv edilməsi və Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 3(104)-27/2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş və Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2020-ci tarixli 3(104)-1398/2020 saylı qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki iş üzrə məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş bərdə rayon Polis Şöbəsinin nümayəndəsi, polis kapitanı X10 izahatında göstərdi ki, Şəxs X5 ilə aralarında olan mübahisə zamanı əvvəlcə Arzuxanım Həsənovanı təhqir etmiş, daha sonra isə telefon vasitəsilə danışarkən onu təhqir etməkdə davam edərək xırda xuliqanlıq əməlini törətmişdir. Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X5 izahatında bildirdi ki, Şəxs oğlu mal-qaranı yoldan keçirən zaman ona niyə mal-qaranı yoldan çıxarmırsan deyə sual vermişdir. Bu zaman aralarında söz-söhbət yaranmış, əvvəlcə yanında əyləşən kamera köməkçisi X3 yanında, daha sonra isə telefonla zəng edərək, ona az deyə müraciət edərək, nalayiq sözlərlə təhqir etmişdir. Həmin axşam o, anası ilə birgə Təbrizin yaşadığı evə getmişdir. Bu zaman Təbrizlə onların arasında mübahisə yaranmış və onlara əl-qol atmışdır. Məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, mal-qaranı yolla aparan zaman Arzuxanım avtomobillə keçərkən onun yanında saxlayaraq mal-qaranı niyə yoldan çıxarmırsan deyə sual vermişdir. Bu zaman Arzuxanımın yanında tanımadığı bir şəxs də əyləşmişdir. Daha sonra aralarında mübahisə yaranmış və o, Arzuxanım Həsənova ilə kobud danışmış, telefonda isə onu təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu daha sonra əməlindən peşman olduğunu bildrərək, X11 qızından məhkəmə iclas zalında üzr istədi. Zərərçəkmiş şəxs X5 ondan üzr istənilsə də, yenə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun səmimi etirafını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcuddur və barəsində tərtib olunmuş MN ******* saylı protokol qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, hazırki iş üzrə ilkin qərarın ləğv edilməsi zamanı Gəncə Apellyasiya Məhkəməsi tərəfindən bəzi araşdırılması zəruri olan göstərişlər müəyyən etmişdir. Həmin göstərişlərdən biri telefon danışığının məzmumunun araşdırılmaması, digəri isə telefonda olan söhbətin insanlar arasında bərqərar olmuş ictimai münasibətlərə və xüsusən də ədəb qaydalarına qarşı yönəlib-yönəlməməsini müəyyən etməkdir. Məhkəmə iclasında tərəflərin izahatları bir daha dinlənilərkən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ağır sözlərlə X4 əvvəlcə avtomobildə, daha sonra isə həm telefonda, həm də öz evlərində təhqir etmiş və bu fakt Şəxs səmimi etirafı, X2 və şahid X3 izahatları ilə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində izahatı alınan X8 məhkəmədə bildirdi ki, hadisə baş verən zamanı o, Arzuxanım Həsənovanın avtomobilində idi və onlar çəkilişdən qayıdırdılar. Bərdə rayonu Hacallı kəndindən keçərkən Şəxs mal-qaranı yolun ortası ilə aparırdı. Arzuxanım Həsənova ona iradını bildirdikdə Şəxs Arzuxanım Həsənovanı ağır sözlərlə təhqir etdi. O, hətta maşından düşmək istədikdə Arzuxanım Həsənova ona imkan verməmiş və məsələni hüquq müstəvisində həll edəcəyini bildirmişdir. Daha sonra yolda olarkən Təbriz Arzuxanıma zəng edərək yenə də sonuncunu telefonda təhqir etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qanunvericiliyin yuxarıdakı müddəasından da görünür ki, xırda xuliqanlıq əməli üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti üç aydır. Belə ki, iş materiallarında olan Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hazırki inzibati xəta hadisəsi 03 dekabr 2020-ci il tarixdə baş vermiş və Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti artıq 03 mart 2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2019-cu il tarixli qərarında qeyd edilir: “......Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X6 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar.” Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar