Məhkəmə qərarları › İş №3(021)-31/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-31/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-31/2024 12.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayon Şərq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 12 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, xx.xx.2024cü il tarixdə Bərdə rayonu Alpout kəndində yerləşən Mal Bazarında Bərdə RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Xaliq Mikayılzadə ilə xidmətdə olan zaman iki nəfər şəxsin bir-biriləri ilə mübahisə etdikləri və onlardan birinin uca səslə nalayiq ifadələr işlətdiyi tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlədərək öz qanunsuz əməllərini davam etdirdi. Onlar həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edib, İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və barəsində inzibati protokol tərtib edəcəyini bildirdikdə həmin şəxs onlara "Siz pox yeyəcəksiniz" deyərək polisin qanuni tələbinə qəsdən tabe olmamağa başlamışdır. Onlar həmin əraziyə PPXB-nin əməkdaşlarını dəvət edərək həmin şəxsi RPŞ-nə təmin edən zaman həmin şəxs onlara əl-qol hərəkətləri edərək həmin yerdən qaçaraq uzaqlaşmaq istədi. Lakin onlar həmin şəxsi tutaraq öz qanunsuz əməllərinə son qoymasını bildirmişlər. Lakin həmin şəxs səs-küy salaraq ətrafdakı kütlənin nəzərini üzərinə çəkməyə çalışmışdır. Onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişlər və RPŞ-də müəyyən olmuşdur ki, həmin şəxs Şəxsdur. Göstərilənləri nəzərə alaraq həmin şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alpout kəndində yerləşən Mal Bazarında tanımadığı bazarın işçisi avtomobil yolunu kəsdiyi üçün ona irad bildirdikdə əsəbi olduğundan ünvanına nalayiq ifadələr işlətmiş və səs-küy salmışdır. Polis əməkdaşları ona yaxınlaşıb nizam-intizama dəvət etdikdə onlara müqavimət göstərərək ünvanlarına nalayiq ifadələr işlətməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu, Mal bazarında olarkən adını sonradan bildiyi İlkin adlı şəxslə aralarında sözlü mübahisə olmuşdur. Bu zaman İlkin onu küçədə nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində iştirak edən X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alpout kəndində yerləşən Mal Bazarında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Oruc İsmayılov ilə xidmətdə olan zaman iki nəfər şəxsin bir-biriləri ilə mübahisə etdikləri və onlardan birinin uca səslə nalayiq ifadələr işlətdiyi tərələfrindən aşkar edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlədərək öz qanunsuz əməllərini davam etdirmişdir. Onlar həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edib, İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu və barəsində inzibati protokol tərtib edəcəyini bildirdikdə həmin şəxs onlara "Siz pox yeyəcəksiniz" deyərək polisin qanuni tələbinə qəsdən tabe olmamağa başlamışdır. Onlar həmin əraziyə PPXB-nin əməkdaşlarını dəvət edərək həmin şəxsi RPŞ-nə təmin edən zaman həmin şəxs onlara əl-qol hərəkətləri edərək həmin yerdən qaçaraq uzaqlaşmaq istəmişdir. Lakin onlar həmin şəxsi tutaraq öz qanunsuz əməllərinə son qoymasını bildirmişdirlər. Lakin həmin şəxs səs-küy salaraq ətrafdakı kütlənin nəzərini üzərinə çəkməyə çalışmışdır. Onlar həmin şəxsin RPŞ-nǝ gətirilməsini təmin etmişlər və RPŞ-də müəyyən olmuşdur ki, həmin şəxs Şəxsdur. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İşdə olan 12 yanvar 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İşdə olan 12 yanvar 2024-cü il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X6 inizbati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 12 yanvar 2024-cü il tarixdə saat 07:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlaməti olsa da İXM-nin 510-cu maddəsinin tərkib əlamətinin olması sübut olunmur. Belə ki, onun xırda xuliqanlıq hərəkətlərinin törətməsi öz təsdiqini tapmır. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallar və şahid ifadələri ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2–ci maddsəinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 510-cu maddəyə münasibətdə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməli, o, İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, 1 gün inzibati qaydada tutulması nəzərə alınmaqla bаrəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tətbiq olunan inzibati tənbehlə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərarın icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar