Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-336/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, EQ 19805905 nömrəli protokol üzrə çıxarılmış 06 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin (bundan sonra BDYPİ) 06 mart 2024-cü il tarixli, EQ 19805905 nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-AX-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobil hazırda onun istifadəsindədir. Ona xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1 (avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsi ilə cərimə barədə sms bildiriş gəlib. Daxili İşlər Nazirliyinin “e- xidmet.mia.gov.az” saytı vasitəsilə şəxsi kabinetə baxarkən, onun barəsində EQ 19805901, EQ 19805965, EQ 19805905, EQ 19805906 nömrəli protokollar üzrə çıxarılmış xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların olduğunu görmüşdür. İlk öncə EQ 19805901 saylı protokol üzrə qərar çıxarılmış və onunla eyni gündə eyni maddə ilə digər qərarlar da çıxarılmışdır. Hesab edir ki, 2-ci. 3-cü və 4-cü qərarlar qanunsuz və əsassızdır. Belə ki, onun barəsində İXM-nin 339.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə EQ 19805901 nömrəli protokol üzrə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, o, xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM-nin 339-cu maddəsinin qeydində göstərilir ki, Şəxs bu Məcəllənin 339.1 -ci və 339.1- 1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin buna baxmayaraq. Bundan nəinki 20 gün, heç bir gün belə keçmədən onun barəsində xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsinə əsasən təkrarən EQ 19805905 saylı protokol üzrə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və o, təkrarən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, 20 gün keçmədən, onun ikinci dəfə eyni maddə ilə inzibati məsuliyyətə cəlb olunmağı qanunun tələblərinə ziddir. X6 tərəfindən artıq ikinci dəfədir ki belə hala yol verilir və onun barəsində elektron qərar çıxarılır. Bundan əvvəl də, eyni qaydada 20 gün keçmədən 339.1-1-ci maddə ilə təkrarən inzibati məsuliyyətə cəlb olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə BDYPİ-nin həmin qərarına xitam verilmişdir. Eyni halla bağlı məhkəmənin qərarını şikayətinə əlavə edir. Bildirir ki, DYP-nin bu qanunsuz hərəkətləri səbəbindən mən uzun müddətdir ki, avtomobili texniki baxışdan keçirə bilmir. Məhkəmə cəriməyə xitam versə belə, DYP tərəfindən məhkəmənin qərarı icra edilmirdi və yalnız Daxili İşlər Nazirliyinə şikayət ünvanladıqdan sonra 2 ay sonra məhkəmənin qərarı icra olunmuş və cərimə DYP sistemindən silinmişdir. Bu yubatmalara görə, avtomobilin üzərində uzun müddət cərimə qalmış və bu səbəbdən texniki baxışdan imtina olunmuşdur. Avtomobil üzərində cərimə olduğu hallarda DYP texniki baxışdan imtina edir. Beləliklə, bütün bu hərəkətlər hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məlum olduğu kimi, İXM-nin 339-cu maddəsinin qeydində göstərilən “şəxsin inzibati məsuliyyətə cəlb edilməsi” məsələsində, inzibati məsuliyyətə cəlb edilmə vaxtı - inzibati xətanın törədilmə vaxtı və ya aşkar edilməsi vaxtı ilə deyil, məhz şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın çıxarıldığı vaxt ilə şərtlənir. Qərar çıxarılmadan şəxs inzibati məsuliyyətə cəlb edilmiş hesab edilə bilməz. Eyni zamanda İXM-nin 339.1-1 -ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, həmin maddənin dispozisiyasından məlum olur ki, inzibati xəta tərkibi yalnız avtomobili idarə edən zaman yarana bilər. Avtomobilə dayanmış vəziyyətdə həmin maddə ilə cərimə yazılması qeyri-mümkündür. Ona görə də, texniki baxışdan keçirilməmiş, duracaqda olan avtomobilə İXM-nin 339.1 -1 -ci maddəsi ilə protokol tərtib edilməsinin heç bir əsası yoxdur. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 19805905 nömrəli protokol üzrə çıxarılmış xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə X3 tərəfindən elektron daxil olmuş ərizədən görünür ki, şikayətini müdafiə edir, əlavə vəsatət və sübutları yoxdur, işə onun iştirakı olmadan baxılmasını, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxsə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-22/2024 saylı, 07 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X2 Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 3(021)-1734/2023 saylı qərarından verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 3(021)-1734/2023 saylı qərarının ləğv edilməsi, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 13 noyabr 2023-cü il tarixli, EQ 18025061 saylı qərarından verdiyi şikayətin təmin edilməsi, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 13 noyabr 2023-cü il tarixli, EQ 18025061 saylı qərarın ləğv edilməsi, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 339.1.1-ci maddəsi ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 06 mart 2024-cü il tarixli, EQ 19805905 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli, EQ 19805905 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 barəsində İXM-in 339.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, BDYPİ tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli, EQ 19805905 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 barəsində İXM-in 339.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1-ci maddəsinə əsasən nəqiyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əsassızdır, belə ki, X3 nəqiyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir, X2 şikayətini məhkəmə əsassız hesab edir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında 06 mart 2024-cü il tarixli, EQ 19805905 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1- ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən X3 barəsində İXM-in 339.1-1-ci maddəsi ilə tərtib edilmiş 06 mart 2024-cü il tarixli, EQ 19805905 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-336/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-336/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver