Məhkəmə qərarları › İş №3(021)-357/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-357/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-357/2022 16.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs “ARQ X8” MMC-nin nümayəndəsi Şəxs, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X3 iştirakı ilə İnzibati xəta törətmiş hüquqi şəxs “ARQ X8” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsindən daxil olmuş MN ******* saylı 28 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “ARQ X8” MMC-də X4 və X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən “ARQ X8” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 000 manat inzibati tənbeh növündə cərimə edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-05/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 3(021)-1226/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “ARQ X8” MMC-nin nümayəndəsi Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, ona məxsus “ARQ X8” MMC 01 iyul 2021-ci ildə Azvirt MMC ilə qırmadaş yükünün daşınması üçün müqavilə bağlamışdır. Tahir və İlham idarə etdikləri 50 BS-180 və 59 BC-393 dövlət nömrə nişanlı Kamaz özüboşaldan avtomaşınları ilə Tərtər rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarından Füzuli rayonunun Zərgər kəndində yerləşən asfalt beton zavoduna qırmadaş yükü daşınmışdır. Yük daşınmazdan qabaq bütüb sürücülərə məlumat verilmişdir ki, daşınacaq yükün pulu ancaq bank hesablarına ödənilir. Belə ki, yükün daşınması müqaviləsi bağlanması üçün VÖEN, Asan imza və VÖEN-li bank hesabı olmalıdır. Tahir və İlham ona bildirmişlər ki, Tahirin tələb olunan sənədləri var və yaxın günlərdə təqdim edəcəkdir. İlham isə bildirmişdir ki, onun sənədləri yoxdur, düzəldəcək və ya onun pulunu Tahirin hesabına köçürülməsini bildirmişdir. İlhama bildirmişdir ki, Tahirlə arasında əmək müqaviləsi olmalıdır və portaldan çıxarış gətirilməlidir ki, hər şey qanuni tələblərinə əsasən olsun. Buna baxmayaraq bu günə qədər hər iki tərəf heç bir sənəd təqdim etməmişdir ki, müqavilə bağlansın, etdikləri yükdaşıma xidmətinə uyğun elektron qaimə göndərilsin ki, bank hesablarına pul köçürülsün. Müqavilə bağlamadan heç kəsin xidmətlərindən istifadə etməmişdir. Bundan başqa xidmətlər daimi xarakterli olmuşdur. Belə ki, alınmış malların konkret olaraq işğaldan azad edilmiş ərazilərə daşınması nəzərdə tutulmuşdur. Onun sürücülərlə əmək müqailəsi bağlamağı lazım olmamışdır. Çünki o, Xidmət müqaviləsi bağlamışdır. Sürücülərlə əmək müqaviləsini isə həmin sürücülərin aid olduğu işəgötürənlər bağlamalı idilər. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X7 göstərmişdir ki, Şəxs barəsində inzibati protokol X4 və X2 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirdiklərinə görə tərtib edilib. Protokol qanuni və əsaslıdır. Qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, “ARQ X8” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 və X6 əmək hüquqlarının pozulmasına dair X5 Xidmətinə müraciət etmişlər. Bundan sonra cavabdeh müəssisə "xxxx" X8 MMC-nin barəsində araşdırma X5 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi tərəfindən, cavabdeh digər müəssisə "xxxx" MMC-in barəsində araşdırma isə X5 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsi tərəfindən aparılmışdır. Məhkəməyə ünvanlanmış X5 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin 11 yanvar 2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, X1 və X2 "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulmasına dair müraciətə X5 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsində baxılmışdır. "xxxx" MMC-nin 07.10.2021-ci il tarixli 75 nömrəli məktubundan və təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, 16.07.2021-ci il tarixdə X4 ilə 28 nömrəli və X6 ilə 31 nömrəli xidmətlərin göstərilməsi haqqında mülki müqavilə bağlanmışdır. Mülki-hüquqi işlər üzrə yaranmış mübahisələrə bilavasitə məhkəmələr tərəfindən baxıldığından vətəndaş X1 və X2 aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Göründüyü kimi həm "xxxx" MMC, həm də “ARQ X8” MMC ilə X4 və X6 arasında mülki-hüquqi müqavilə mövcud olmuşdur. Məhkəmə iclasında “ARQ X8” MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi məhkəmə iclasında heç bir sübut növü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 416.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, “ARQ X8” MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin əlamətləri olması öz təsdiqini tapmadığından onun barəsində olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 53, 105, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA A L D İ: “ARQ X8” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar