Məhkəmə qərarları › İş №3(021)-386/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-386/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-386/2022 29.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Şəxs direktoru X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs Müəssisəsi 43 530 ABŞ dolları məbləğində vəsaiti 30 dekabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 39 810 ABŞ Dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 31 dekabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs direktoru X2 bildirdi ki, o gedib Mərkəzi Bankın baş ofisinə. Orada məlum oldu ki, iki dənə deklarasiya var. Onların biri açıqdır, biri bağlıdır. Bura gələndən sonra məlum oldu ki, hamısı bağlıdır. Bu onların özlərinin problemidir. Bundan sonra o gedib Dövlət Gömrük Komitəsinə orda bildirdilər ki, onların səhvindəndir, 110 qrafanı 120 yazıblar. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Müəssisəsi 43 530 ABŞ dolları məbləğində vəsaiti 30 dekabr 2019-cu il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 39810 ABŞ Dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxsnə hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, eləcə də onun xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması faktları məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Şəxsnə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaq. Göstərilənləri və Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini əldə rəhbər tutub QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş 39810 ABŞ dollarının iyirmi faizi məbləğində, yəni 7962 (yeddi min doqquz yüz altmış iki) ABŞ dolları icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar