Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-41/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, xx.xx.1953-cü ildə Bərdə rayonu, Mirzalıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 163-1.3-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə İnzibati Tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli (nömrəsiz) qərarının ləğv edilməsinə və 960 manat cərimənin silinməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1953-cü il təvəllüdlüdür, ailəlidir, 4(dörd) uşaq atasıdır, Bərdə rayon Mirzalıbəyli kənd sakinidir, pensiyaçıdır, nəvəsi X6 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli (nömrəsiz) qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 163-1.2-ci maddəsilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərarın heç bir qanuni əsası yoxdur. Belə ki, təxminən 10 il bundan əvvəl istifadəsində olan 90-NT-27 nömrəli Hovo markalı, yük maşını ilə hərəkətdə olarkən Qaradağda yol polisi tərəfindən saxlanılmış, maşında olan yükün normadan artıq olması ona irad tutulmuşdur. Sonra yoluna davam edib yaşadığı Bərdə rayonuna gəlmiş, həmin vaxtdan isə həmin yük maşınını təhvil vermişdir. Bu günə qədər X11 tərəfindən tərtib edilmiş hər hansı protokol və yaxud qərar ona verilməmişdir. xx.xx.2023-cü il tarixdə, yəni təxminən 10 ildən sonra Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli (nömrəsiz) qərarını almış, həmin Qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 163-1.2-ci maddəsilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilməyi qeyd edilmişdir. Hətta ona bu günlərdə ona verilən sənədlərin içərisində olan ödəniş protokolunda cərimə məbləği 960 manat qeyd edilmişdir. Belə hesab edir ki, təxminən 10 ildən sonra belə bir Qərarın verilməsi əsassız və qanunsuzdur. Odur ki, Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli (nömrəsiz) Qərarının ləğv edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində tərtib edilmiş qərardan şikayət verən şəxs X4 və inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq şikayət verən şəxs və müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın verilməsinə əsas olmuş materialları və sübutları məhkəməyə təqdim etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin və qərardan şikayət verən şəxsin iştirakı olmadan işə baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 05828781 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 – xx.xx.1953-cü ildə Bərdə rayonu, Mirzalıbəyli kəndində anadan olmuş, Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1682 nömrəli arayışdan görünür ki, X1 rayonu, Mirzalıbəyli kəndində yaşayır. İş materiallarında olan DİN DYP Web Portalından çıxarışda əks edilən inzibati tənbeh vermə haqqında xx.xx.2015-ci il tarixli, KYP115552 nömrəli protokoldan görünür ki, X5 xx.xx.2015-ci il tarixdə saat 00:00 radələrində Qaradağ rayon DYPŞ-nin 101 km-də istifadəsində olan HOVO ZZ3257N384B yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə İXM-nin 163-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqslirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan DİN DYP Web Portalından çıxarışda əks edilən Qaradağ rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayan X5 xx.xx.2015-ci ildə özünə məxsus HOVO ZZ3257N384B yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 163-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də həmin maddə ilə barəsində 600 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli (nömrəsiz) qərarının ləğv edilməsinə və 960 manat cərimənin silinməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. O zaman qüvvədə olan İXM-in 163.-1.3-cü maddəsi hazırki məcəllədə İXM-in 353.2-ci maddəsi ilə tövsif edilir. Artıq həmin maddə avtomobillərlə bağlı redaksiyanı əhatə etmir və qüvvədən düşərək başqa maddə ilə tövsif edilir. Belə ki, İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iş materiallarından X5 tərəfindən AR.İXM-in 163-1.3-cü mаddəsi ilə inzibati xətanın törədilməsi və ya həmin xətanın törədilməsində X3 təqsiri sübuta yetirilmir. Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqan inzibati xətanın törədilməsində şəxsin təqsirini mötəbər sübutlarla sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, X5 barəsində İXM-in 163-1.3cü mаddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 960 manat cərimə borcu silinməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarda Eyvaz Nəsirov İXM-in 163.1.2-ci maddəsi ilə təqsirli bilinsə də qərarın sonunda İXM-in 163-1.3-cü maddəsi ilə 600 manat məbləğində inzibati cərimə edilmişdir ki, bu da yolverilməzdir və qərarın qərarın tərtibatı baxımından doğru deyil. Bundan başqa şəxs barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda X3 inzibati xətanı xx.xx.2015-ci il tarixdə törətməsi qeyd edilsə də naməlum səbəbdən qərar həmin tarixdən 2 aya yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2016-cı il tarixdə qəbul edilmiş, şəxsin özünə isə heç bir səbəb olmadan xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir ki, bu da icra edilməmiş qərarın 5 ildən sonra icrasına xitam verilməsi üçün əsasdır. Belə ki, hazıki inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi tarixdən 5 il müddətində icra edilməmişdirsə daha icra edilməməlidir. Belə olan halda icra müddəti keçdiyindən qərarın icrasına xitam verilir. Belə ki, İXM-in 146.1. Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-in 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-in 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-in 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. X5 barəsində KYP 115552 nömrəli protokola əsasən İXM-in 163-1.3-cü mаddəsi ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə həmin qərarın icrasına xitam verilsin, qərar üzrə toplanmış 960 manat cərimə məbləği silinsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-41/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-41/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver