Məhkəmə qərarları › İş №3(021)-42/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-42/2021

16.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-42/2021 16.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Cəlilabad rayon Bədirli kəndində anadan olmuş, Cəlilabad rayon Bədirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 16 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 16 yanvar 2021-ci il tarixdə saat 12:00- radələrində Bərdə-Yevlax yolunun Samux kənd ərazisində polis əməkdaşlarına tabesizlik göstərmiş və xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Bərdə RPŞ- nin İTB- nin polis sahə rəisi polis baş leytenantı X4 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs xuliqanlıq etmiş və polisə müqavimət göstərmişdir. Onu intizama dəvət etsələr də, kobudcasına qanuni əmrlərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirdi ki, özünü təqsirli bilir və pois əməkdaşlarından işlətdiyi ifadələrə görə üzr istəyir. Lakin o, polisə tabesizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında bildirdi ki, o, xidmətdə olarkən 16 yanvar 2021-ci il tarixdə saat 12:00- radələrində Əzimov X3 Prado markalı 99ZG339 dövlət nömrə nişanlı avtomobili ilə hərəkət edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlatdırmışdır. Bu zaman o, qaydanı pozmadığını bildirdikdə kamera görüntüsü göstərilmişdir. Bundan sonra Şəxs ucadan nalayiq söyüşlər söyməyə başlamış və ictimai qaydanı pozmuşdur. Onu qanuna tabe omağa dəvət etsələr də onların qanuni əmrlərinə tabe olmamışdır. Polis şöbəsinin həyətində isə ona müqavimət göstərmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xaiş etdi. Bərdə rayon Məhkəməsinin 3(021)42/2020 saylı 16.01.2020-ci il tarixli qərarı ilə Şəxs əməlinə İXM-in 535.1-ci maddəsinə münasibətdə xitam verilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 16.01.2021-ci il tarixdə Bərdə-Yevlax yolunun Samux kənd ərazisində polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunmasına baxmayaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmamış və ünvanlarına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə olan halda, İXM-in 510-cu maddəsinin sanksiyasında 15 günədək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cumaddəsi ilə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə inzibati tənbeh- həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 yanvar 2021-ci il tarixdən, saat 16:00–dan hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar