Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-426/2021 30.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin inzibati xəta haqqında 01 sentyabr 2020-ci il tarixli ******* nömrəli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin inzibati xəta haqqında 01 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarından müəyyən olunur ki, X7 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. X7 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yazılmış 01 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarının qanunsuz, əsasız olduğu üçün ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində avqust ayında fəaliyyət göstərmək üçün özəl tibbi yer açmış, ancaq pandemiya olduğu üçün Səhiyyə Nazirliyindən lisenziya almaq imkanı olmamışdır. İmkanının olmamasının səbəbi Bakı şəhərinə pandemiya ilə əlaqədar gediş-gəlişin bağlanması olmuşdur. Səhiyyə Nazirliyinin əməkdaşları ona əvvəlcə heç bir xəbərdarlıq etmədən birbaşa ona cərimə tətbiq etmişdir. O, hüquqi şəxs olmaya-olmaya onu hüquqi şəxs kimi nəzərə alıb 5000 manat cərimə tətbiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 MN ******* saylı, 01.09.2020-ci il tarixli qərarı qanuna ziddir. Belə ki, həmin qərarla onun qanunla qorunan hüquqları kobud qaydada pozulmuşdur. Sözügedən qərarda qeyd edilmişdir ki, O, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən obyektə xüsusi razılıq (lisenziya) olmadan özəl tibb fəaliyyəti ilə məşğuldur. Halbu ki, o, fiziki şəxsdir və fiziki şəxs kimi vergi ödəyir. Lakin cərimə qərarında ona hüquqi şəxs kimi cərminə etmişlər. Qanunda göstərilir ki, onun kimi şəxslər qanunla müəyyən edilmiş qaydada öncədən xəbərdar edilir. Ona isə heç bir xəbərdarlıq edilməmiş, araşdırma üçün dəvət edilməmişdir. Qanunsuz qəbul edilmiş qərar onun psixoloji sarsıntılar yaşatmasına səbəb olur və əsəblərinin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin qəbul etdiyi qanunsuz və əsassız qərar onun ağır olan maddi vəziyyətinə mənfi təsir edərək maddi durumunu ondan da ağır olmasına səbəb olur. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01.09.2020-ci il tarixdə tərtib etdiyi MN ******* saylı qərarı qanunsuz, əsassız olduğu üçün ləğv edilməli və o, 5000 manat inzibati cəriməni ödəməkdən azad edilməlidir. Bərdə Rayon Məhkəməsinin 3(021)1423/2020 saylı 18 dekabr 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X7 barəsində inzibati tənbeh vermə haqqında 01.09.2020-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır.Şikayət qalan hissədə təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)1423/2020 saylı 18 dekabr 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən apelyasiya şikayəti verilmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)59/2021 saylı 22.02.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin olunaraq, Bərdə Rayon Məhkəməsinin 3(021)1423/2020 saylı 18 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında şikayətçi X7 şikayətdə göstərdiklərini bir daha təsdiq edərək, həmçinin göstərmişdir ki, müvafiq fəaliyyətlə məşğul olması üçün Səhiyyə Nazirliyinə sənədləri təqdim etmişdir. Lakin, bugünədək ona xüsusi razılıq (lisenziya) verilibverilməməsi barədə məlumat verilməmişdir. Qanunsuz fəaliyyət göstərmədiyindən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirin müavini X4 inzibati tənbeh vermə haqqında 01.09.2020-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, 20.08.2020-ci il tarixli, MN № ******* nömrəli protokolla 20.08.2020-ci il tarixdə saat 12:40da Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən X5 məxsus obyektdə plandankənar yoxlama aparılarkən lisenziya olmadan özəl tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olması faktı aşkar olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04.09.2020-ci il tarixli 03/19-4116 saylı məktubundan görünür ki, lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul oğduğuna görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertizinin Mərkəzinin əməkdaşlarının tərtib etdiyi protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən inzibati tənbeh növü kimi 01 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli X3 barəsində cərimə qərarı çıxarılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 20.08.2020-ci il tarixli, MN ******* nömrəli protokolu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirin müavini X4 inzibati tənbeh vermə haqqında 01.09.2020-ci il tarixli, MN ******* saylı qərarına əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X7 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirin müavini X4 01.09.2020-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırır. Bu Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Bu Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Bu Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 işə baxılmasının yeri və vaxtı barədə məlumatın çatması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, iş materiallarında olan məhz inzibati xəta haqqında işə baxılan gün həmin şəxsin məlumatlandırılması ilə bağlı hər hansı sübut aşkar edilməmişdir. Bundan başqa, məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X7 bildirmişdir ki, o, uzun müddətdir ki, müvafiq fəaliyyətlə məşğul olması üçün Səhiyyə Nazirliyinə sənədləri təqdim etmişdir. Lakin, bu günədək ona xüsusi razılıq (lisenziya) verilib-verilməməsi barədə məlumat verilməmişdir. Eyni zamanda bildirir ki, o, həmin dövrdə qanunsuz fəaliyyət göstərməmiş vaxtı-vaxtında dövlətə vergi ödəmişdir. Həmçinin yenidən araşdırma zamanı X3 fiziki və ya vəzifəli şəxs olub-olmadığı da dəqiqləşdirilməli, sonuncunun adına olan VÖEN hesabının aktiv olub-olmadığı da aydınlaşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə konkret müəyyən olunmur ki, R.Yusifli özəl tibb fəaliyyəti ilə məşğul olur. Odur ki, məhkəmə qeyd edir ki, işə yenidən baxılan zaman barəsində qərar qəbul edilmiş şəxs işin baxılması vaxtı və yeri barədə qanunamüvafiq olaraq məlumatlandırılmalı. Eyni zamanda, məhkəmə tərəfindən yuxarıda göstərilmiş hallar araşdırılaraq qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.09.2020-ci il tarixli, MN № ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X7 barədə 01 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-426/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-426/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver