Məhkəmə qərarları › İş №3(021)-432/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-432/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-432/2022 28.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Güloğlular kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 333.1 və 333.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 333.1 və 333.3-cü mаddələri ilə inzibаti xətа haqqında 22 mart 2022-ci il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki o, 17 mart 2022-ci il tarixdə saat 22:15-də radələrində “Qaz 24 Minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili içkili vəziyyətdə idarə etdiyi zaman zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmişdir. Məhkəmə iclаsındа Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X4 bildirmişdir ki, Bərdə şəhəri, S.Vurğun küçəsində Şəxs 17 mart 2022-ci il tarixdə Şəxs idarə etdiyi “Qaz 24 Minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhəri, Köroğlu küçəsi ilə hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkət edən X2 idarə etdiyi Vaz 21063 markalı **-BC-*** nömrəli avtomobili vuraraq nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerində bütün zəruri tədbirlər görülmüş, toqquşma nəticəsində məlum olmuşdur ki, Şəxs oğlu avtomobili sərxoş vəziyyətdə, etibarnaməsi olmadan idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 333.1 və 333.3-cü maddələrinin tələblərini pozduğuna görə barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçkmiş şəxs X3 ifadəsində göstərdi ki, 17 mart 2022-ci il tarixdə saat 22:15 radələrində idarə etdiyi Vaz 21063 markalı **-BC-*** nömrəli avtomobillə Bərdə şəhəri, Köroğlu küçəsi ilə üzü “Mətin” şadlıq evi istiqamətində, hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən Qaz 24 markalı **-BA-*** nömrəli avtomobil onun yoluna çıxaraq onun avtomobilinin sağ yan hissəsindən vuraraq toqquşdu. Həmin avtomobilin sürücüsü ağır dərəcəli sərxoş vəziyyətindəydir. Hadisə zamanı o avtomobildə olsada heç bir həsarət almayıb. Hadisə nəticəsində 515 manat maddi ziyan dəyib. Dəymiş ziyanın ödəyib. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 mart 2022-ci il tarixdə saat 22:15 radələrində idarə etdiyi Qaz 24 markalı **-BA-*** nömrəli avtomobillə Bərdə şəhəri, Köroğlu küçəsi ilə hərəkətdə olan zaman telefonuna zəng gəldiyi üçün başı qarışdığından. Bu zaman əks istiqamətdə hərəkətdə olan Vaz 21063 markalı **-BC-*** nömrəli avtomobillə hərəkət zolağına çıxaraq onun sağ yanından vuraraq toqquşmuşdur. İçkili deyildir. Məhkəmədən cərimə olunmasını xahiş etdi. Məhkəmə hesаb edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 333.1 və 333.3-cü mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 17 mart 2022-ci il tarixli, № 396 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs hadisə baş verən zaman orta dərəcə alkoqol sərxoşluq vəziyyətində olmuşdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 17 mart 2022-ci il tarixli, № 397 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, X3 hadisə baş verən zaman alkoqol sərxoşluğu yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs oğlu 17 mart 2022-ci il tarixdə saat 22:15-də radələrində “Qaz 24 Minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili içkili vəziyyətdə idarə etdiyi zaman zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmişdir, beləliklə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhdudlaşdırılmaqla cərimə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olduğu halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə təqsirli bilənməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 333.1 və 333.3-cü maddələri ilə təqsirli bilinməli və 333.3-cü maddəsi ilə barəsində nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması və cərimə tənbehinin tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 333.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə bаrəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yevlax 7 saylı RQİŞ-yə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar