Məhkəmə qərarları › İş №3(021)-48/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-48/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-48/2024 29.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-350/2021 saylı icra sənədi üzrə borclu Şəxs 1400 manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən hər ay bir uşağın saxlanılması üçün X5 100 manat aliment ödəməlidir. Anası ağır əməliyyat keçirmişdir, maddi imkanı olduqca ağırdır. Fəhlə işləyir, başqa gəliri yoxdur. Yenidən ailə həyatı qurmuş, 9 aylıq körpə uşağı var. Aliment borcunu ödəməyə imkanı yoxdur. 29 yanvar 2024-cü il tarixdə saat 1000 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 göstərdi ki, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 100 manat məbləğində aliment alınaraq ona verilməlidir. Şəxs hazırda ona 1400 manat məbləğində aliment borcu yaranmışdır. Atası evində yaşayır, işləmir. Azyaşlı uşağını saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Şəxs isə uşağın saxlanılması üçün ona heç bir maddi köməklik etmir. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 göstərdi ki, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 100 manat məbləğində aliment alınaraq X5 verilməlidir. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmiş, hazırda 1400 manat məbləğində aliment borcu yaranmışdır. Tərəfindən aliment borcunun ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamış, Şəxs qətnamənin icrasından boyun qaçırmışdır. Şəxs 29 yanvar 2024-cü il tarixdə saat 1000 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. İş materiallarında olan: AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2000-ci ildə Yevlax rayonu Kövər kəndində anadan olmuşdur, Bərdə rayonu Gərənə kəndində qeydiyyatdadır. Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-350/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 11 dekabr 2020-ci il tarixdən başlayaraq, 17 sentyabr 2020-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 100 manat məbləğində alimentin iddiaçı X4 xeyrinə tutulması, cavabdeh Şəxs iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 29 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(039)-350/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1 uşağın saxlanılması üçün hər ay tələbkar Leyla Əzimovaya 100 manat məbləğində aliment ödəməli olduğu halda, borcunu tam olaraq ödəməmiş və nəticədə 1400 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 29 yanvar 2024-cü ildə saat 1000-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən saat 1000-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən saat 1000-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar