Məhkəmə qərarları › İş №3(021)-480/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-480/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-480/2025 10.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 –cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 10 iyun 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X9 bildirdi ki, xx.xx.2025ci il tarixdə saat 11:00 radələrində Bərdə rayon Güloğlular kəndi ərazisində Təzə Bazarda Cavadova X4 Nazim Sevindik oğlu ilə aralarında olan mübahisə zamanı Nazim Məstanovu nalayiq ifadələrlə söyüb-təhqir etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o 30 ildən artıqdır ki, bazar ərazisində ticarətlə məşğul olur və bazar yaxınlığında yaşayır. X5 dəfələrlə həmin ərazidən avtomobili yüksək sürətlə idarə edərək keçmiş və bu səbəbdən Məstanov Nazimə irad bildirmişdir. X5 isə onu təhdid edərək “səni tutduracam” demişdir. 09 may 2025-ci il tarixdə isə bazarın qarşısında X5 digər sürücülərlə mübahisə edərkən o, Nazimə müraciət edərək “bizdən qurtardın, indi də başqaları ilə mübahisə edirsən” demiş, lakin Məstanov Nazim onu yenidən təhdid edərək “sənin başına oyun açacam” sözlərini işlətmişdir. O Nazimə qarşı heç bir təhqiramiz ifadə işlətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş X5 bildirdi ki, o bazar yaxınlığında taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə bazarın qarşısından keçərkən qara rəngli bir avtomobil onun yolunu kəsmişdir. Avtomobili saxlayaraq sürücüyə “maşını kənara çəkin” demiş, lakin sürücü ona “kənardan keçin” cavabını vermişdir. Bu zaman hadisə yerində olan Şəxs ona qarşı əsəbi formada “sən kimsən ki burada göstəriş verirsən” deyə irad bildirmiş və sonra isə onu söyərək nalayiq ifadələr işlətmişdir. İnzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki: -Bərdə rayonu Şorǝlli kənd sakini X5 xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə mürciət edərək Bərdə rayonu Təzə Bazar ərazisində Maxnur adlı qadının onu və ölülərini nalayiq ifadələrlə söyüb təhqir etməsindən şikayətçi olmuş, vətəndaş həmin şəxs barəsində qanuni tədbir görülmədiyi təqdirdə qan düşəcəyi və ölüm hadisəsi baş verəcəyini bildirmişdir. -Bərdə rayonu Şorǝlli kəndində yaşayan X5 xx.xx.2025- ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu "Təzə Bazar" ərazisində Mahnur adlı qadının onu söyüb təhqir etməsini, həmin vaxt əsəbi olduğu üçün ölüm hadisəsi baş verəcəyi barədə məlumat verdiyini və Mahnur adlı qadın barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. -Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu "Təzə Bazar" ərazisində Şəxs ilə X5 arasında baş vermiş mübahisə zamanı Mahnur Cavadova sonuncunun ünvanınına nalayiq və təhqiredici küçə söyüşləri söyməklə cəmiyyətə aşıqca hörmətsizlikdə ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs Azərbaycan Respublikasının İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə barəsində müvafiq qanuni tədbir görülməsi üçün Bərdə RPŞ-in İTB-nə göndərilmişdir. Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş 10 iyun 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Bərdə Rayon Güloğlular ərazisində “Təzə Bazar”da Şəxs X2 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunsa da, onun əməlində həmin maddə üzrə inzibati xətanın tərkib əlamətləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri nəzərdə tutur. Xuliqanlıq inzibati xətasının obyekti - ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hazırkı işin halları ilə Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində göstərilən “xırda xuliqanlıq” inzibati xətasının törədilməsi sübuta yetmir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar