Məhkəmə qərarları › İş №3(021)-51/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-51/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-51/2025 28.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 və onun müdafiəçisi Vəkil iştirakları ilə, 26 aprel 1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Yerliağalı kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, barəsində 5000 manat inzibati qaydada cərimə edilməyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5.000 (beş min) manat məbləğində cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə 5.000 (beş min) manat cərimə ləğv edilməlidir. Bildirmişdir ki, o, Bərdə rayonu, İsmət Qayıbov küçəsində icarəyə götürdüyü yerdə iki aydır ki, diş texniki olaraq işə başlamışdır. Hazırda qiyabi olaraq Türkiyədə diş texnikliyi üzrə təhsilini davam etdirir. Barəsindəki qərarla bağlı bildirir ki, o sadəcə “BƏRDƏ TİBB MƏRKƏZİ”-də yer icarəyə götürüb həkim peşəsini yerinə yetirir. Vergi xidmətindən əldə etdiyi VÖEN-in arxasında da fiziki şəxs olaraq qeyd edilmişdir. AR SN inzibati tənbeh vermə haqqında qərarı əsassızdır. Belə ki, o vəzifəli şəxs deyil və vəzifəli şəxs olaraq cərimələnməyi onun ağır maliyyə israfı ilə üzləşməsinə səbəb olur. O dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə etmə orqanlarında və vəzifəli şəxslərin fəaliyyət göstərəcəyi heç bir yerdə vəzifə tutmur. Heç bir dövlət və inzibati vəzifəsi və rütbəsi yoxdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında “Vəzifəli şəxs” anlayışını şərh edərək qeyd etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Sözügedən qərarda göstərilən normalara əsasən vəzifəli şəxslərə aid xüsusiyyətlərin heç biri onunla əlaqəli deyil. Çünki, onun tabeliyində nə barəsində sərəncam verəcək işçiləri var, nə də ki, hüquqi əhəmiyyət kəsb edən hərəkətlərin sahibi deyil. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına iştirak edən şikayətçi X5 və onun müdafiəçisi Vəkil şikayətin dəlillərinə uyğun məzmunda izahatlar verərək əlavə olaraq göstərmişlər ki, X5, fiziki şəxsdir, vəzifəli şəxs deyil. Odur ki, şikayətin təmin edilərək müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini və onun müdafiəçisini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından, habelə Bərdə RİHB-nın Mollalı kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi 21 yanvar 2025-ci il tarixli 12 saylı arayışından görünür ki, X5 xx.xx.1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonu, Yerliağalı kəndində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X4 ünvanlanmış 09 yanvar 2025ci il tarixli 3-28/2-R-xx-xx/2025 nömrəli məktubundan görünür ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol (MN No 2156847) əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli MN ******* nömrəli qərar çıxarılmışdır. İnzibati cərimənin hesab rekvizitləri göstərilən hesaba ödənilməsi tələb olunur. Əks təqdirdə cərimənin ödənilməsi qanunvericiliyə uyğun olaraq məcburi qaydada həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati təbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 şəhəri, İ.Qayıbov küçəsi ünvanında yerləşən stomatoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji fəaliyyət) göstərməsi faktı aşkar olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarılmış vergi məlumatlarından görünür ki, X5 VÖEN: ********** olan Bərdə rayonu, Yerli Ağalı kəndində qeydiyyatda olmaqla fiziki şəxs (fərdi sahibkar) kimi vergi orqanında xx.xx.2014-cü il tarixdən qeydiyyatdadır. Fəaliyyət istiqaməti stomatologiyadır. Fəaliyyət obyekti diş kabinetidir. VÖEN statusu aktivdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhyyə Nazirliyinin 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 barəsində İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 5000 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayət əsassızdır. Belə ki, verdiyi şikayət ərizəsində və iş üzrə keçirilən məhkəmə iclasında şikayət verən şəxs özü etiraf edərək məhkəməyə bildirmişdir ki, iki aydır ki, yer icarəyə götürərək diş texniki olaraq fəaliyyət göstərmişdir və əsasən həkimlərlə işləyir. Xüsusən hazırda qiyabi olaraq diş texnikiliyi üzrə təhsilini davam etdirir. Buradan belə nəticə hasil olur ki, şəxsin ali təhsili yoxdur. Həmçinin, şəxsin etirafına və iş materiallarına əsasən barəsində tərtib edilən inzibati tənbehvermə haqqında qərardan şikayət verən Rəhim Rəhimlihinin diş texnikliyi və ya stomatologiya fəaliyyəti üzrə, yəni özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün heç bir lisenziyası yoxdur. Məhkəmə onu da qeyd edir ki, şikayət verən şəxs Rəhim Rəhimlinin qeyd etdiyi kimi həkimlərlə işləyirdisə və diş texniki olaraq fəaliyyət göstərirdisə onun hansı səbəbdən stomatologiya sahəsində əsas fəaliyyətlə bağlı fərdi sahibkar olaraq vergi uçotuna alınması və diş kabineti olaraq fəaliyyət göstərməsi məhkəməyə məlum olmur. Bu fakt iş materialına əlavə edilmiş elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür. Məhz qeyd edilən səbəbdən Səhiyyə Nazirliyi tərəfindən onun vəzifəli şəxs olaraq inzibati tənbehə məruz qalması doğru və qanunauyğundur və ********** saylı aktiv statuslu VÖEN-ə malik olan X5 vəzifəli şəxs olmaqla lisenziya olmadan özəl tibbi fəaliyyətlə, yəni stomatoloji kabinet yaratmaqla əhaliyə tibbi xidmətlər göstərdiyinə görə inzibati məsuliyyət daşımalıdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edən orqan tərəfindən X5 barəsində İXM-in 210.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi əsaslıdır. Bundan başqa məhkəmə şikayət verən şəxsin şikayətində qeyd etdiyi vəzifəli şəxs olaraq heç bir hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etməməyi ilə bağlı qeyd edir ki, şəxs işçisi olmasa belə vergi uçotuna alınmaqla və hesabat göstərməklə artıq hüquq münasibətlərinin iştirakçısına çevrilir və fərdi sahibkar olaraq əhaliyə stomatoloji xidmətlər göstərməklə, habelə özünün qeyd etdiyi kimi diş texniki olaraq həkimlərlə pasinetlərə verilməsi üçün diş qəlibləri və digər diş texnikaları düzəltməklə və diş texnikliyi sayəsində digər əməkdaşlıqlar etməklə artıq hüquqi əhəmiyyət kəsb edən hərəkətlərin sahibi olur və onun diş texniki olaraq fəaliyyətində nöqsanlar olacağı təqdirdə gələcəkdə stomatologiya üzrə ona müraciət edən həkim və pasientlərlə şikayət verən şəxs arasında maddi və mənəvi zərərlə bağlı hüquqi mübahisələrin yaranmasına, habelə şikayət verən şəxsin gələcəkdə mülki, inzibati və cinayət məsuliyyəti daşıması ilə nəticələnəcəkdir ki, İXM-in 17-ci maddəsinin qeyd hissəsinə əsasən Rəhim Rəhimli fərdi sahibkar olaraq vəzifəli şəxs hesab olunur. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən özəl tibb fəaliyyətinin subyektləri tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdir. Həmin qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, Azərbaycan Respublikası Səhyyə Nazirliyinin 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli İnzibati təbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Səhyyə Nazirliyi tərəfindən X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar