Məhkəmə qərarları › İş №3(021)-518/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-518/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-518/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi və şikayətçi X1 iştirаkları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 09 mart 2021-ci il tarixli 11000/0308 nömrəli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 09 mart 2021-ci il tarixli 11000/0308 nömrəli inzibati xəta haqqında qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində malın dəyərinin 50% miqdarında yəni 9626,76 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X3 məhkəməyə şikayət verərək inzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən inzibati xəta törətməsinə dair 09 mart 2021-ci il tarixli, 11000/0308 saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən 13.06.2020-ci il tarixdən 27.06.2020-ci il tarixə kimi Moldova Respublikasında qeydiyyatda olan "Trans-Activ" S.R.L firmasına göndərilmiş “yer kökü” yüklərinin müqabilində ödənilməli olan 11325.60 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 09 mart 2021-ci il tarixli, 11000/0308 saylı qərarla qaytarılmalı olan məbləğin 50% miqdarında, yəni 9626.76 (doqquz min altı yüz iyirmi altı manat yetmiş altı qəpik) manat məbləğində cərimə edilmişdir. Bundan başqa sözügedən qərara əsasən ixrac olunmuş malın müqabilində qaytarılmalı olan 11325.60 ABŞ dolları məbləğində vəsaitin ondan qısa müddət ərzində qaytarılmasının təmin olunması qərara alınmışdır. Hesab edir ki, hazırki iş üzrə cavabdeh- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli, 11000/0308 saylı qərarı ilə 9626.76 (doqquz min altı yüz iyirmi altı manat yetmiş altı qəpik) manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən məhsulu Moldova Respublikasına ixrac etsə də, məhsulun dəyərini Pandemiya və sərhədlərin bağlanması səbəbindən bu günədək ala bilməmişdir. Belə olan halda onsuzda ona külli miqdarda ziyan dəymişdir. Ziyana düşməsi bir yana, hazırki qərarla əlavə olaraq 9626.76 (doqquz min altı yüz iyirmi altı manat yetmiş altı qəpik) manat inzibati cərimə olunması, iflas həddində olan maddi vəziyyətinə daha da mənfi təsir edər. Dəfələrlə aidiyyitəi üzrə Moldova Respublikasından ixrac etdiyi məhsulunun dəyərinin geri qaytarılması üçün müracitələr etsə də, hələ də pulunu geri qaytara bilməmişdir. Beləliklə onun iştirakı olmadan keçirilmiş yoxlamada protokol tərtib edilmiş və bu günədək qərar ona rəsmi olaraq verilməmişdir. Yalnız 20.04.2021-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən bu barədə məlumatlandırıldıqdan sonra hazırki qərardan xəbər tutmuşdur. Protokolu və aktı tərtib etmiş əməkdaşlar da məsələyə qeyri-obyektiv və birtərəfli yanaşaraq, bu sənədlər əsasında da hazırda mübahisələndirdiyi inzibati xəta üzrə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli, 11000/0308 nömrəli qərarı qanunsuz və əsassız olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərdiklərini bir daha təsdiq edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X2 inzibati tənbeh vermə haqqında 09.03.2021-ci il tarixli, 11000/0308 saylı qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib və malın dəyərinin 50% miqdarında yəni 9626,76 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş, ixrac olunmuş malın müqabilində qaytarılmalı olan 11325,60 ABŞ dolları məbləğində vəsaitin X3 tərəfindən qısa müddət ərzində qaytarılmasının təmin olunması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin 09.03.2021-ci il tarixli, 11000/0308 nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul edilmiş, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinin pozulması barədə şikayətçi məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X1 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirmişdir. Azərbaycan respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 09 mart 2021-ci il tarixli 11000/0308 nömrəli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X1 vermiş olduğu şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar