Məhkəmə qərarları › İş №3(021)-533/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-533/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-533/2025 14.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, zərərçəkmiş şəxs X8, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qayalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X9 qarşı nalayiq ifadələr işlədərək təhqir etmişdir. Məhkəmə iclasında Bərdə Rayon Polis X5 Bölməsinin polis sahə rəisi X13 məhkəmə iclasında göstərdi ki, X8 Bərdə rayon Polis Şöbəsinə daxil olmuş ərizəsi əsasında inzibati icraat qaydasında araşdırma aparmış, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şəxs aralarında yaranmış mübahisə zəmnində X10 ictimai yerdə nalayiq ifadələrlə təhqir etmişdir. Buna görə də Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs X14 ilə həmkəndli olmaqla qonşudurlar. 10 iyul 2025-ci il tarixdə özünə məxsus olan mal-qaranı kəndin örüş sahəsinə aparan zaman zərərçəkmiş şəxsin orada traktor gətirərək əkin aparmaq istədiyini görmüşdür. Zərərçəkmiş şəxsə kəndin örüş sahəsini əkdirməməsini bildirmiş, həmin vaxt zərərçəkmiş şəxs əyilərək yerdən daş götürüb ona atmaq istəsə də əlinə daş əvəzinə peyin gəlmişdir. O, həmin şəxs barəsində heç bir nalayiq ifadə işlətməmiş, ünvanlı söyüş söyməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 göstərdi ki, 10 iyul 2025-ci il tarixdə ona bələdiyyə tərəfindən ona nəzarət edilməsi üçün verilmiş torpaq sahəsində traktor işlədərkən Şəxs örüş sahəsinə gələrək ona qarşı nəlayiq ifadələr işlədərək söyüş söymüşdür. Buna görə də onun barəsində polis şöbəsinə şikayət ərizəsi vermişdir. Lakin məhkəmə iclası başlayanadək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, iş üzrə tərəflərlə həm kəndlidir. 10 iyul 2025-ci il tarixdə kəndin örüş sahəsində bir neçə şəxslə mal-qaranı otaran zaman zərərçəkmiş şəxs X14 traktor ilə həmin örüş sahəsinə gələrək orada qazıntı işləri aparmaq istəmişdir. Yaqub Mehdiyevə həmin sahənin kəndin örüş sahəsi olduğunu bildirsələr ki, o həmin torpaq sahəsinin bələdiyyə tərəfindən qəbristanlıq torpağı kimi ayrıldığını və həmin torpağa nəzarət edilməsini ona tapşırıldığını bildirərək qazıntı işlərinə davam edərək onlarla mübahisə etmişdir. Şəxs zərərçəkmiş şəxsi söyüb təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, iş üzrə tərəflərlə həmkəndlidir. 10 iyul 2025-ci il tarixdə kəndin örüş sahəsində bir neçə şəxslə mal-qaranı otaran zaman zərərçəkmiş şəxs X14 traktor ilə həmin örüş sahəsinə gələrək orada qazıntı işləri aparmaq istəmişdir. Həmin vaxt X16 Mehdiyevə həmin sahənin kəndin örüş sahəsi olduğunu bildirsələr ki, o həmin torpaq sahəsinin bələdiyyə tərəfindən qəbristanlıq torpağı kimi ayrıldığını və həmin torpağa nəzarət edilməsini ona tapşırıldığını bildirərək qazıntı işlərinə davam edərək onlarla mübahisə etmişdir. Şəxs zərərçəkmiş şəxsi söyüb təhqir etməmişdir. Mübahisə zamanı onlara kənd camaatından heç kəsin Yaqub Mehdiyevin yas mərasiminə getməməsini demişdir. Əksinə X1 Elgün Mayıl oğlunu söyüb təhqir edərək yerdən daş götürüb ona vurmaq istəsədə əlinə peyin keçmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, iş üzrə tərəflərlə həm kəndlidir. 10 iyul 2025-ci il tarixdə tərəflər arasında mübahisə baş verdikdən sonra örüş sahəsinə gəlmiş, həmin vaxt tərəflər arasında mübahisə sakitləşmiş, Şəxs X3 təhqir etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi yekun qənaət: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq növündə inzibati xətanı törətməsi sübuta yetirilmir, ünvansız nalayiq ifadələr işlətməsi faktı öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar