Məhkəmə qərarları › İş №3(021)-550/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-550/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-550/2022 22.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində doğulmuş, subay, orta təhsilli, evdar qadın, Bərdə rayonu Türkmən kəndində yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1981/2014 saylı 25 dekabr 2014-cü il tarixli icra sənədi üzrə tələbkara aliment üzrə 1700 manat borcu yaranımışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra X5 göstərdi ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1981/2014 saylı 25 dekabr 2014-cü il tarixli icra sənədi üzrə tələbkara aliment üzrə 1700 manat borcu yaranımışdır. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin aliment borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. İnzibati həbsdən sonra hər ay mütəmadi olaraq iyirmi manat pul ödəyir. Lakin tələbkar pulun hamısını birdən tələb edir. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 bildirdi ki, heç yerdə işləmir. Övladının biri onunla biri anası ilə qalmışdır. Borclu pulu ödəməkdən yayınır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, borcu ödəməyə imkanı yoxdur. Evdar qadındır. İmkanı olduqca mütəmadi olaraq ödəyir. Hazırda məkəmə iclas zalında 20 manat ödəyə bilər. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmır. Belə ki, Şəxs ümumiyyətlə ödənişlərini dayandırmamış, imkan tapdıqca aliment borcunu ödəyir. Bu faktlar qəbzlərlə və icra məmuru izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar