Məhkəmə qərarları › İş №3(021)-552/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-552/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-552/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, şikayətçi X13 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X13 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsinin 12 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ƏSSMN yanında X4 17 saylı region üzrə X4 rəisi X2 tərəfindən rəhbərlik etdiyi “ARQ X18” MMC, guya MMC-də işləyən X11 və X9 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işə götürdüyünə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 28 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında, 12 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarla hüquqi şəxs qismində 3000 (üç min) manat cərimə edilmişdir. Hesab edir ki, ƏSSMN yanında X4 17 saylı region üzrə X4 rəisi X2 tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərar etibarsız hesab edilməli, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə hüquqi şəxs qismində 3000 manat cərimə edilməsi, bununla da hüquqların kobud şəkildə pozulması ilə nəticələnən hərəkətlərin qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, yük daşınmazdan qabaq bütün sürücülərə məlumat verilmişdir ki, daşınacaq yükün pulu ancaq bank hesablarına ödənilir. Həmçinin yükün daşınması müqaviləsi bağlanması üçün VÖEN, Asan imza və VÖEN-ni bank hesabı olmalıdır. Tahir və İlham ona bildirmişlər ki, Tahirin tələb olunan sənədləri var və yaxın günlərdə təqdim ediləcəkdir, İlham isə bildirmişdir ki, onun sənədləri yoxdur, düzəldəcək və ya onun pulunu Tahirin hesabına köçürülməsini xahiş etmişdir. İlhama bildirmişdir ki, Tahirlə arasında əmək müqaviləsi olmalıdır və portaldan çıxarış gətirməlidir ki, hər şey qanuni tələblərə əsasən olsun. Buna baxmayaraq bu günə qədər hər iki tərəf heç bir sənəd təqdim etməmişdir ki, müqavilə bağlansın, etdikləri yukdaşıma xidmətinə uyğun elektron qaimə göndərilsin ki, bank hesablarına pul köçürsün. Müqavilə bağlamadan heç kəsin xidmətindən istifadə etməmişdir. Bundan başqa xidmətlər daimi xarakterli olmuşdur. Belə ki, alınmış malların konkret olaraq işğaldan azad edilmiş ərazilərə daşınması nəzərdə tutulmuşdur. Onun sürücülərlə əmək müqaviləsi bağlamağı lazım olmamışdır. Çünki o, xidmət müqaviləsi bağlamışdır. Sürücülərə əmək müqaviləsini isə həmin sürücülərin aid olduğu işə götürənlər bağlamalı idilər. Onu da qeyd edir ki, bir neçə ay öncə oxşar hal baş vermişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 17 saylı region üzrə X12 barəmdə inzibati xəta haqqıda protokol, protokol əsasında da inzibati tənbeh vermə haqqında qərar qərar qəbul edərək hüquqi şəxs olduğuna görə MMC-ni 20000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan etdiyi şikayətə əsasən Bərdə Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 3(021 )-357/2022 nömrəli qərarı ilə “ARQ X18” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta üzrə icraata xitam verilmişdir. Sadalanan xususatlara və istinad edilən hüquq normalarına əsasən hesab edir ki, ƏSSMN yanında X4 17 saylı region üzrə X4 saylı inzibati xəta haqqında tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli, MN № ******* protokol əsasında, 12 oktyabr 2021 -ci il tarixli, MN № ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Onu da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən xüsusatla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini ifadə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.2 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 15 iyul 2013-cü il tarixli qərarında da ehtiva olunmuşdur ki, “Dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra - Konstitusiya) təsbit olunmuş quruluşunun, idarəetməüsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir”. Daha sonra qeyd olunan qərarda göstərilmişdir ki, “İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Odur ki, həmin qərarı əsassız hesab edərək ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X13 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək qeyd etdi ki, bütün sürücülərə yükün daşınması müqaviləsi bağlanması üçün VÖEN, Asan imza və VÖEN-ni bank hesabı olmasının vacibliyi, həmçinin yük daşınmazdan qabaq daşınacaq yükün pulunu bank hesablarına ödənilməsi barədə məlumat verilmişdir. Sürücülər Tahir və İlham ona bildirmişlər ki, Tahirin tələb olunan sənədləri var və yaxın günlərdə təqdim ediləcəklər. Həmçinin İlham bildirmişdir ki, sənədləri yoxdur, düzəldəcəkdir. Sənədlər düzələnə qədər onun pulunu Tahirin hesabına köçürülməsini xahiş etmişdir. İlhama bildirmişdir ki, Tahirlə arasında əmək müqaviləsi olmalıdır və portaldan çıxarış gətirməlidir ki, hər şey qanuni tələblərə əsasən olsun. Buna baxmayaraq bu günə qədər hər iki sürücü heç bir sənəd təqdim etməmişlər ki, müqavilə bağlansın, etdikləri yukdaşıma xidmətinə uyğun elektron qaimə göndərilsin ki, bank hesablarına pul köçürsün. Müqavilə bağlamadan heç kəsin xidmətindən istifadə etməmişdir. Bundan başqa xidmətlər daimi xarakterli olmuşdur. Belə ki, alınmış malların konkret olaraq işğaldan azad edilmiş ərazilərə daşınması nəzərdə tutulmuşdur. Onun sürücülərlə əmək müqaviləsi bağlamağı lazım olmamışdır. Çünki o, xidmət müqaviləsi bağlamışdır. Sürücülərə əmək müqaviləsini isə həmin sürücülərin aid olduğu işə götürənlər bağlamalı idilər. Odur ki, şikayətin təmin edilərək müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X14 göstərdi ki, “ARQ X18” MMC-nin direktoru X7 barəsində inzibati protokol X11 və X8 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirdiklərinə görə tərtib edilib. Protokol qanuni və əsaslıdır. Qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsinin qərarı ləğv edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 14473566 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 01.01.1980-cı ildə Bərdə şəhərində doğulmuş, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 13.06.2019-cu il tarixli, 223 nömrəli arayışdan görünür ki, X1 rayonu Böyük Göyüşlü kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsi tərəfindən “ARQ X18” MMC-nin rəhbəri X10 ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, X10 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 3000 manat məbləğində cərimə inzibati tənbeh növü tədbiq edilmiş, cərimə məbləğinin ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “ARQ X18” MMC ilə X11 və X15 arasında əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan onların işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş, nəticədə “ARQ X18” MMC-nin direktoru X13 İXM-in 192.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. 24 iyul 2021-ci il tarixi, Son tarix 31 iyul 2021-ci il tarixli olmaqla, həmçinin 01 avqust 2021-ci il tarix, Son tarix 24 avqust 2021-ci il tarix olmaqla Xidmətlərin göstərilməsi haqqında müqavilələrdən görünür ki, X11 ilə xidmətlərin göstərilməsi haqqında mülki müqavilə bağlanmışdır. 29.09.2021-ci il tarixli Malların, işlərin və Xidmətlərin təqdim edilməsi barədə Elektron Qaimədən görünür ki, “ARQ X18” MMC ilə X11 arasında 2901 manat məbləğində yük daşıma xidmətləri aparılmsı barədə qaimə imzalanamışdır. Hesablaşma qaydalarının aparılması barədə 29.09.2021-ci il tarixli Aktlardan görünür ki, X13 ilə X11 arasında cəmi götürülən yanacaq və daşınan yükün qalıq dəyəri barədə akt imzalanmışdır. İşdə olan Bərdə rayon məhkəməsinin 16 mart 2022-ci il tarixli, 3(021)-357/2022 saylı qərarından görünür ki, “ARQ X18” MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi təsdiq edilmədiyindən “ARQ X18” MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan müəyyən olunur ki, X11 və X15 əmək hüquqlarının pozulmasına dair X12 Xidmətinə müraciət etmişlər. Bundan sonra cavabdeh müəssisə "xxxx" X18 MMC-nin barəsində araşdırma X12 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi tərəfindən, cavabdeh digər müəssisə "xxxx" MMC-in barəsində araşdırma isə X12 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsi tərəfindən aparılmışdır. Məhkəməyə ünvanlanmış X12 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin 11 yanvar 2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, X3 və X8 "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulmasına dair müraciətə X12 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsində baxılmışdır. "xxxx" MMC-nin 07.10.2021-ci il tarixli 75 nömrəli məktubundan və təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, 16.07.2021-ci il tarixdə X11 ilə 28 nömrəli və X15 ilə 31 nömrəli xidmətlərin göstərilməsi haqqında mülki müqavilə bağlanmışdır. Mülki-hüquqi işlər üzrə yaranmış mübahisələrə bilavasitə məhkəmələr tərəfindən baxıldığından vətəndaş X3 və X8 aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bərdə regional ərazi şöbəsi hüquqi şəxs qismində “ARQ X18” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN ******* saylı 28 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarına əsasən “ARQ X18” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 000 manat inzibati tənbeh növündə cərimə edilməsi qərara alınmış, həmin qərardan şikayət verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-05/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 3(021)-1226/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmiş, Bərdə rayon məhkəməsinin 16 mart 2022-ci il tarixli, 3(021)-357/2022 saylı qərarı ilə “ARQ X18” MMCnin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi təsdiq edilmədiyindən “ARQ X18” MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bərdə regional ərazi şöbəsi “ARQ X18” MMC-nin direktorunu eyni eyni fakt üzrə (“ARQ X18” MMC-də X11 və X15 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi) sadəcə statusunu dəyişməklə yəni, vəzifəli şəxs qismində məsuliyyətə cəlb edərək, barəsində 3000 manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq etmişdir. Məhkəmə hesab edir ki, “ARQ X18” MMC ilə X11 və X15 arasında əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan onların işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı fakt üzrə “ARQ X18” MMC-nin barəsində ləğv edilməmiş məhkəmə qərarı olduğundan şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsinin “ARQ X18” MMCnin direktoru X13 barəsində inzibati tənbeh vermə haqqında 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ləğv edilməli, X13 barəsində İXM-in 192.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırır. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 işə baxılmasının yeri və vaxtı barədə heç bir məlumat verilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmış, ona hüquqları və vəzifələri izah olunmamış və nəticədə şəxsin ziyanına qərar qəbul edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 53, 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bərdə regional ərazi şöbəsinin X13 barəsində inzibati tənbeh vermə haqqında 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ləğv edilsin. X13 barəsində İXM-in 192.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar