Məhkəmə qərarları › İş №3(021)-555/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-555/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-555/2022 18.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu Alpoud kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(009)-1213/2018 saylı icra sənədinə əsasən Şəxs 25.09.2007-ci il təvəllüdlü X7, 25.05.2010-cu il təvəllüdlü X5 və 29.07.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat, cəmi 462 manat məbləğində aliment 07.02.2018-ci il tarixdən başlayaraq tutulub X4 ödənilməlidir. Bərdə rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X11 oğlu izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, nəticədə 4577 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(009)-1213/2018 saylı icra sənədinə əsasən uşaqları Xasay, Nurlan və Hüseynin saxlanması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 462 manat məbləğində aliment X4 ödənilməlidir. Azadə Vəliyevanın xeyrinə hər ay 300 manat aliment ödəyir. Maddi imkanı olmadığından alimenti tam ödəyə bilmir. Belə ki, hazırda başqa qadınla ailə qurmuş və bir uşağı olmuşdur. Kirayədə yaşayır. Fərdi əməklə məşğul olur və gündəlik qazancı azdır. Ailəsini dolandırmaqda çətinlik çəkir. Hazırda yaranmış aliment borcundan 500 manat tələbkarın xeyrinə ödəyir. Bununla əlaqədar akt tərtib edilmişdir. Borcun bir hissəsini ödədiyini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alıb barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi . Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, borclu müxtəlif vaxtlarda aliment borcunu ödəyir. Hətta Bərdə rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli inzibati icraata xitam verilməsi barədə qərarından sonra da 3 dəfə olmaqla cəmi 802 manat pul ödəmişdir. Hazırda da məhkəmə iclasında yaranmış borcundan 500 manat ödəniş edərək həmin məbləği icra məmuruna təqdim etdi və bu barədə akt tərtib olundu. Belə olan halda məhkəmə hesab edir ki, icradan qərəzli boyun qaçırma halı yoxdur. Sadəcə maddi imkanı aşağı olduğundan imkanı çərçivəsində ödəniş edir. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar