Məhkəmə qərarları › İş №3(021)-589/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-589/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-589/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, A.Əhmədov küçəsi ev 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın 14.02.2010-cu il təvəllüdlü X9 və 14.02.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa üçün 160 manat olmaqla cəmi, 320 manat məbləğində aliment alınaraq X4 ödənilməlidir. Bərdə rayon icra şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Bərdə rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 05.04.2022-ci il taixli 3(104)-173/22 saylı qərarı ilə Şəxs verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq Bərdə rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli qərarı ləğv olunmuş, iş yenidən baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmiş, Şəxs barəsində seçilmiş inzibati həbs ləğv olunmuş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X12 izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədinə əsasən iki uşağın 14.02.2010-cu il təvəllüdlü X9 və 14.02.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa üçün 160 manat olmaqla cəmi, 320 manat məbləğində aliment X4 ödənilməlidir. İcra sənədindən məlumatı vaxtında olmamışdır. Dərhal barəsində protokol tərtib olunmuşdur. Buna görə də icra məmuru tərəfindən barəsində tərtib edilmiş protokolu əsassız hesab edir. Odur ki, icra sənədindən məlumatının olmamasının nəzərə alınmasını və barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslə əlaqə saxlanılmış, xəstələndiyindən və Bakı şəhərində olduğundan gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə inzibati icraata baxılma müddətini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İnzibati materiala əlavə edilmiş icra sənədindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədinə əsasən 21 oktyabr 2019-cu il tarixdən hesablanmaqla Şəxs iki uşağın 14.02.2010-cu il təvəllüdlü X9 və 14.02.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi, 320 manat məbləğində aliment alınaraq X4 ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli icraata başlama haqqında 19.08.2021-ci il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İşdə olan 19 avqust 2021-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədi üzrə borcu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıqlar icra sənədində borclunun qeyd edilmiş ünvan 1 ünvanına göndərilmişdir. İşdə olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Şəxs Bərdə şəhəri, A.Əhmədov küçəsi ev 5-də yaşayır. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən qəbul edilmiş icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə 24 fevral 2022ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədi borclunun yaşayış yeri üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İşdə olan 15 mart və 31 mart 2022-ci il tarixli Xəbərdarlıq məktublarından görünür ki, borclu Şəxs Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədi üzrə borcu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 05.04.2022-ci il taixli 3(104)-173/22 saylı qərarı ilə Bərdə rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli qərarı ləğv olunarkən apellyasiya məhkəməsi mövqeyi onunla əsaslandırmışdır ki, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 iddiaçı Şəxs xeyrinə 55000 manat məbləğində pul tutulması qət edilmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən X3 və X2 müştərək qaydada Şəxs xeyrinə 130000 manat məbləğində pul tutulması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən müştərək qaydada cavabdehlər tərəfindən ödənilməli olan 130000 manatın 65000 manatı Şəlalə İsmayılova tərəfindən ödənilməlidir. Həmin qətnamələr Sumqayıt şəhəri üzrə İcra idarəsində və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində icra olunmaqdadır. Şəlalə İsmayılova qətnamələri icra etmədiyinə görə İXM-nin 428.1-ci maddəsi ilə 500 manat inzibati cərimə edilmiş, qətnaməni yenə də icra etmədiyinə görə onu cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün materiallar istintaq orqanına göndərilmişdir. Eyni zamanda Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən 11.10.2021 -ci il tarixdə Şəlalə İsmayılovanın barəsində axtarış elan edilmiş, Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi tərəfindən 04.11.2021-ci il tarixdə Şəlalə İsmayılova barəsində axtarış işi açılmışdır. Göründüyü kimi qətnamələrlə Şəxs 9820 manat, Ş.İsmayılovanın isə Şəxs 120 000 manat borcu var, qətnamələr icra xidməti tərəfindən icra mərhələsindədir. Həmçinin qeyd edilmişdir ki, tərəflərin bir-birinə borclu olmaları nəzərə alınmamış, Şəxs ondan pul alınıb verilməli olmasına dair qətnamənin icra edilməsində qərəzli olubolmamasını kifayət qədər araşdırmamışdır. Məhkəmə həmçinin hər iki şəxsin eyni anda tələbkar və borclu olmasına lazımi əhəmiyyət verməmiş, bir tələbkarın hüquqularını bərpa etməyə çalışarkən digər tələbkarın hüquqlarını məhdudlaşdırmış, eyni zamanda bərabərlik hüququna da əməl etməmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi hər iki icra sənədinin hansı səbəblərdən icra edilmədiyini düzgün araşdırmalı, Şəlalə İsmayılovanın qərəzli olaraq borcunu ödəmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilindiyini nəzərə almalı, eyni zamanda Şəxs də hansı səbəbdən borcunu ödəmədiyini, o cümlədən onun borcu ödəmək imkanı olduğu halda bunu etmədiyini, yaxud maddi imkanı olmayıb Şəlalə İsmayılovadan borcunun ödənilməsini gözlədiyini araşdırmalı idi. Lakin məhkəmə göstərilən məsələləri araşdırmamışdır. Apellyasiya məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə borclu Şəxs dindirmiş, o bildirmişdir ki, tələb olunan pulu o halda ödəyə bilər ki, ona olan borc Ş.İsmayılova tərəfindən ödənilsin. Belə ki, Ş.İsmayılova 120000 manat borcunu ödəsə o da həmin məbləğdən öz borcunu ödəyər. Həmçinin o bildirmişdir ki, hazır ki, iş üzrə tələbkar Şəlalə İsmayılovanın məqsədi odur ki, Şəlalənin ona olan 120 000 manat borcu ilə onun Şəlaləyə olan 9820 manat borcu əvəzləşsin. Bu isə müşkül olan məsələdir. Belə olan halda məhkəmə qeyd edir ki, aliment borcu əvəzləşməyən tələbdir. Lakin icra prosessində onun bağışlanması məsələsi ola bilər ki, Şəxs məsuliyyətdən azad etsin, Ş.İsmayılovanın isə məsuliyyətini yüngülləşdirsin. Hazırki işdə İcra Şöbəsi tərəfindən həmin məsələlər araşdırılmamış, Ş.İsmayılovanın icra işi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsi və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi ilə qarşılıqlı əlaqələr saxlanılmamış, Ş.İsmayılova Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmamış və ya onunla həmin məsələlərə münasibət bildirilməsi üçün İcra qurumları tərəfindən qarşılıqlı əlaqə saxlanılaraq münasibət öyrənilməmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göstərilən lazımi tədbirlər görülmüş olsaydı işin Şəxs münasibətdə məhkəməyə göndərilməməsi qənaətinə gəlinə bilərdi. Hazırkı məhkəmə prosesi həmin halların müəyyən edilməsi üçün zaman məhdudiyyətinə malikdir. Belə ki, hazırkı işin ikinci baxışı olmasına baxmayaraq inzibati icraat qaydasında həmin məsələlərin araşdırılması İXM-nin məhkəməyə verdiyi zaman müddəti çərçivəsində inzibati araşdırma müddətində baxılıb yekunlaşdırıla bilməyən haldır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə həmin halların öyrənilməsi üçün İcra prosessində kifayət qədər zaman olduğunu nəzərə alaraq, hazırkı halda Şəxs inzibati tənbeh verilməsini tələskənlik kimi qiymətləndirərək məsələlərə vaxtından əvvəl qərar qəbul etmiş olar. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar