Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-598/2024 13.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, zərərçəkmiş şəxs X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(104)-565/2024 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X4 3020 manat məbləğində aliment borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün hər ay Dürdanə Quliyevaya 260 manat məbləğində aliment ödəməlidir. Uşaqlarına yardım etmiş, təxminən 1 il əvvəl uşaqlarına bazarlıq edib göndərmişdir. Heç bir yerə işləmədiyindən aliment borcunu ödəyə bilmir. Əvvəllər avtoyuma məntəqəsində işləmişdir. Dürdanə Quliyeva ilə evlənməmişdən öncə, başqa bir xanımla evli olmuş, birinci ailəsindən də bir övladı var və həmin övladı onun himayəsindədir. Bakı şəhərində kirayədə yaşayır. Əvvəllər fəhləlik etmiş, ailəsini saxlamışdır. Lakin hazırda işi olmadığından çətinlik çəkir. Aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Aliment borcunu ödəmədiyindən 13 may 2024-cü il tarixdə saat 11 radələrində Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün cəmi 260 manat məbləğində aliment tutularaq ona verilməlidir. Şəxs 1 ildir ki, aliment borcunu ödəmir. Sonuncu əvvəllər taksi sürücüsü işləmiş, lakin hazırda avtomobilini satmışdır. Hazırda atasının evində yaşayır. Şəxs uşaqları ilə görüşmür, onlarla maraqlanmır və uşaqlarının saxlanılması üçün maddi cəhətdən köməklik etmir. Aliment borcunun ödənilməsini, əgər ödənilməsə Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsnin 01 mart 2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün cəmi 260 manat məbləğində aliment tutularaq Dürdünə Quliyevaya verilməlidir. Şəxs hazırda cəmi 3020 manat məbləğində aliment borcu vardır. Borclunun üzərinə həbs qoyulacaq əmlakları aşkar edilməmişdir. Sonuncu aliment borcunu ödəmədiyindən 13 may 2024-cü il tarixdə saat 1100-da Bərdə Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(104)-565/2024 saylı icra vərəqəsindən görünür ki, 14 oktyabr 2015-ci il təvəllüdlü X5 və 14 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 verilməsi qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 13 may 2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşağın saxlanılması üçün cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq X6 ödənilməli olduğu halda, borclu aliment borcunu ödəməmiş, icra sənədi üzrə ödənilməmiş qalan cəmi 3020 (üç min iyirmi) manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmış, tələbkar X3 hüquqları pozulmuş, bu isə çoxsaylı şikayətlərə səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədi üzrə ödənilməyən məbləğin 3020 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 13 may 2024-cü ildə saat 1100-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 13 may 2024-cü il saat 1100-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 13 may 2024-cü il saat 1100-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-598/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-598/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver