Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-607/2024 17.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1976-cı ildə Kəlbəcər rayonu Bozlu kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu Bozlu kəndində qeydiyyatda olan və Bərdə rayonu Güloğlular kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 may 2024-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsində səs-küy salaraq icra məmurunu nalayiq söyüşlərlə təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsində qızının aliment işi var. İş icra məmuru Mətləb Ələkbərovun icraatındadır. Borclu aliment borcunu ödəmədiyindən icra məmuruna zəng edərək maraqlanmaq istəmiş, 7 dəfə icra məmuruna zəng etsə də sonuncu telefonunu açmamışdır. Məcbur olub 17 may 2024-cü il tarixdə təxminən saat 15-16 radələrində Bərdə Rayon İcra və Probasiya Şöbəsinə getmişdir. İcra məmurundan qızına olan aliment borcunun ödənilməsini tələb etmiş, sonuncu onu təhqir etdiyindən o da icra məmuruna eyni qaydada cavab vermişdir. İcra məmuruna qarşı nalayiq ifadələr işlətməmişdir. Onun istəyi borclunun inzibati məsuliyyətə cəlb edilməsi olmuşdur. İcra məmurunu söyüb təhqir etmədiyinə görə ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Şəxs 17 may 2024-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə gedərək səs-küy salmış, icra məmurunun ünvanına nalayiq ifadələr işlətmiş, onu intizama dəvət edən icra məmurlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də Şəxs 17 may 2024-cü il tarixdə saat 16 radələrində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 göstərdi ki, Şəxs qızının Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında aliment işi var və icra işi icra məmuru Mətləb Ələkbərovun icraatındadır. 17 may 2024-cü ildə iş yerində olarkən səs-küy eşitmiş, baxarkən Şəxs uca səslə qışqıraraq icra məmuru Mətləb Ələkbərovun ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Digər icra məmurları ilə birlikdə yaxınlaşaraq Şəxs intizama dəvət etsələr də, sonuncu sakitləşməmiş, əksinə, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məsələnin aydınlaşdırılması məqsədi ilə Şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin rəisinin qəbuluna dəvət edilmiş, o, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin rəisinin iş otağında da ucadan danışaraq nalayiq ifadələrdə icra məmurunu söyüb təhqir etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək, şahidi dindirib belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, habelə protokola əlavə edilmiş digər materiallarla, o cümlədən, şahid ifadəsi ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Şəxs qanunsuz hərəkətlərini dayandırmağı tələb etmələrinə baxmayaraq, o, icra məmurlarının qanuni tələbinə tabe olmayaraq özünün qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hal İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İXM-nin 33.1.1-ci maddəsinə görə, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 17 may 2024-cü ildə saat 1600-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 17 may 2024-cü il saat 1600-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 04 (dörd) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 17 may 2024-cü il tarixdən saat 1600-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-607/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-607/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver