Məhkəmə qərarları › İş №3(021)-608/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-608/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-608/2024 17.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Bərdə rayonu Məşədiibişli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Məşədiibişli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(021)-1790/2022 saylı icra sənədi üzrə borclu Şəxs tələbkarlar X5 və X7 2119 (iki min bir yüz on doqquz) manat məbləğində borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən tələbkarlar X5 və X7 2079 manat məbləğində pul ödəməlidir. Heç bir yerdə işləmir, ailəsi ilə birlikdə kirayədə yaşayır. Fəhləlik edərək ailəsini dolandırır. Borcunu ödəməyə imkanı yoxdur. Borcunu ödəmədiyindən 17 may 2024-cü il tarixdə saat 12 radələrində Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X8 göstərdi ki, Bərdə Rayon Məhkəməsnin 14 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 2079 manat alınaraq ona və qardaşı X7 verilməlidir. Uzun müddət keçməsinə baxmayaraq Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etməmiş, onların pulunu ödəməmişdir. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 göstərdi ki, Bərdə Rayon Məhkəməsnin 14 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 2079 manat alınaraq tələbkarlar X5 və X7, 60 manat alınaraq X1 hesabına və 40,79 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şəxs hazırkı vaxtadək borcunu ödəməmişdir. Borclunun üzərinə həbs qoyulacaq əmlakları aşkar edilməmişdir. Sonuncu borcunu ödəmədiyindən 17 may 2024-cü il tarixdə saat 1200-da Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(021)-1790/2022 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs avtomobilin təmir bərpa xərcinə görə 2079 (iki min yetmiş doqquz) manatın alınaraq iddiaçılar X5 və X7 verilməsi, cavabdeh Şəxs ekspert rəyinə görə 60 (altmış) manat tutularaq X2 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilməsi, iş üzrə iddia tələbi qismən təmin edildiyindən 40.79 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 17 may 2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 2079 manat borc tutularaq tələbkarlar X5 və X7, 60 manat alınaraq X1 hesabına və 40,79 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, icra sənədi üzrə ödənilməmiş qalan cəmi 2179,79 (iki min bir yüz yetmiş doqquz manat 79 qəpik) manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmış, tələbkarlar X3 və X6 hüquqları pozulmuş, bu isə çoxsaylı şikayətlərə səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədi üzrə ödənilməyən məbləğin 2119 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 17 may 2024-cü ildə saat 1200-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 17 may 2024-cü il saat 1200-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 17 may 2024-cü il saat 1200-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar