Məhkəmə qərarları › İş №3(021)-614/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-614/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-614/2025 27.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X4 Bölməsinin polis sahə rəisi X9, zərərçəkmiş şəxslər X8, X2, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, İİ qrup əlil, fərdi əməklə məşğul olan, Ağdam rayonu Baş Qərvənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 avqust 2025-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində X11 işçiləri X10, X5 və X3 yüksək səslə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X15 məhkəmə iclasında göstərdi ki, Şəxs 26 avqust 2025-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində X11 işçiləri X10, X5 və X3 yüksək səslə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, işıq sərfiyyatına görə borcları olduğundan X11 əməkdaşları 26 avqust 2025-ci il tarixdə yaşadıqları evə gələrək işıqlarını kəsmişlər. Yaşadıqları ev anasının adınadır. Onların işıqlarını xəbərdarlıq etmədən kəsmişlər. İşıqlarını kəsərkən əvvəlcə söyüş söyməmiş, lakin serebral iflic xəstəsi olan qardaşı narahat olduğundan əsəbləşmiş və Elektrik Şəbəkəsinin əməkdaşlarını söyüb təhqir etmişdir. Ruhi xəstədir, 1 saylı Ruhi-Əsəb dispanserində müalicə olunmuşdur. Hazırda psixi xəstəliyinə görə İİ qrup əlil kimi pensiya alır. Elektrik Şəbəkəsinin əməkdaşlarını söyərkən çəkərək sosial şəbəkədə paylaşmışdır. Etdiyi əməlindən son dərəcə peşmandır. Söz verir ki, sosial şəbəkədə üzr videosu paylaşacaq. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 göstərdi ki, Şəxs yaşadığı evin elektrik sayğacına baxış keçirilərkən kənar xətt aşkar edilmişdir. Bu səbəbdən də sayğaca cərimə yazmışlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cərimə ödənilməmişdir. Sonuncu dəfə 26 avqust 2025-ci ildə həmin ünvana gedərək evə gedən elektrik xəttini ayırmışlar. Xətti kəsdikdən sonra Şəxs çıxaraq onların ünvanına nalayiq ifadələr işlətmiş, onları kəndə buraxmayacağını, onları öldürəcəyini bildirmiş, daha sonra onlara qarşı işlətdiyi ifadələri sosial şəbəkələrdə yaymışdır. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, Şəxs yaşadığı evin elektrik sayğacına baxış keçirilərkən kənar xətt aşkar edilmişdir. Bu səbəbdən də sayğaca cərimə yazmışlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cərimə ödənilməmişdir. Sonuncu dəfə 26 avqust 2025-ci ildə həmin ünvana gedərək evə gedən elektrik xəttini ayırmışlar. Xətti kəsdikdən sonra Şəxs çıxaraq onları sözlə ifadə edilməsi mümkün olmayan söyüşlərlə söyüb təhqir etmiş, daha sonra onlara qarşı işlətdiyi söyüş ifadələrini sosial şəbəkələrdə yaymışdır. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərdi ki, Şəxs yaşadığı evin elektrik sərfiyyatına görə borcu olduğundan 26 avqust 2025-ci ildə həmin ünvana gedərək evə gedən elektrik xəttini ayırmışlar. Xətti kəsmək üçün dirəyə özü çıxmışdır. Xətti kəsdikdən sonra Şəxs çıxaraq onları sözlə ifadə edilməsi mümkün olmayan söyüşlərlə söyüb təhqir etmiş, daha sonra onlara qarşı işlətdiyi söyüş ifadələrini sosial şəbəkələrdə yaymışdır. Şəxs onlara qarşı etdiyi bu nalayiq hərəkətlərə görə dərin sarsıntı keçirmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş SD diski və digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə görə, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialına əlavə edilən portal məlumatlarından çıxarışdan görünür ki, Şəxs ümumi xəstəliyə görə 2-ci qrup əlildir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, İİ qrup əlil olmasını, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar