Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-630/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə anadan olmuş, Bərdə rayonu Lənbəran kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 10 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, 05.04.2022-ci il tarixdə saat 20 radələrində Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, 05.04.2022-ci il tarixdə saat 20 radələrində Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Onun əməlində inzibati xəta tərkibi olduğundan barəsində protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə gətirmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. 05.04.2022-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə evə gəlmiş, arvadı Ramilə ona boşanacağını bildirmişdir. Bununla əlaqədar aralarında mübahisə baş vermiş, mübahisə zamanı sərxoş olduğundan əsəbləşib Ramiləni sillə ilə vurmuşdur. Etdiyi hərəkəti sərxoş halda etmişdir. Səhvini başa düşür və əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs əridir. Əri Sayad evə hər gün sərxoş halda gəlir. Onun bu hərəkətlərindən bezmiş və dəfələrlə içki içməməsini xahiş etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. 05.04.2022-ci il tarixdə saat 20 radələrində yenə əri Sayad evə içkili halda gəlmiş, ona ondan boşanacağını bildirmişdir. Sayad bu sözündən hirslənib onu uşaqların gözü qarşısında vurmuş və yerə yıxaraq boğmuşdur. Yüngül xəsarətlər almışdır. Buna görə də Sayaddan polis şöbəsinə şikayət etmişdir. Lakin Sayadın barəsində cinayət işi açılmamışdır. Hazırda Sayadla barışmamışdır və onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, 05.04.2022-ci il tarixdə saat 20 radələrində Şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu döyərək onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bərdə RPŞ TB-nin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciəti ərizəsi əsasında toplanmış HK-1-1285 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 05.04.2022-ci il tarixdə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-630/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-630/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver