Məhkəmə qərarları › İş №3(021)-663/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-663/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-663/2023 29.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 iştirakı ilə xx xxxx 1964-cü ildə Bərdə rayonu Bala Qəcər kəndində anadan olmuş, orta təhsilli, evli, Bərdə rayonu Bala Qəcər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 oktyabr 2022-ci il tarixdə mülki silahın qeydiyyatı qaydalarını pozmuş və müvafiq icra hakimiyyətindən icazə almadan silah saxlamışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə ov etmək üçün evdə saxladığı ov tüfəngi ilə meşəyə getmiş, lakin ov edə bilmədən kəndə qayıtmışdır. Ov tüfəngi əlində həmkəndlisi X4 işlətdiyi çayxanaya getmişdir. Çayxanaya girərkən X5 ilə X4 birlikdə çay içdiklərini görmüşdür. Yaxınlaşaraq hal-əhval tutduqdan sonra başqa masada əyləşmək istəmiş, əlində olan ov tüfəngini yerə qoymaq istədikdə ov tüfəngindən atəş açılmışdır. Qırmalar Sərxanın sağ qoluna, Eldarın isə boyun nahiyəsinə dəymişdir. Tüfəngi yerə ataraq Sərxan Əsədov ilə Eldar Məmmədovu xəstəxanaya aparmış və orada onlara ilkin tibbi yardım göstərilmişdir. Hadisə ehtiyatsızlığından baş vermişdir. X5 və X7 ilə düşmənçilik və ya ədavəti olmamış, yaxşı münasibətləri olmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 göstərdi ki, Bərdə Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində işləyir. Şəxs xx.xx.2022-ci il tarixdə ov tüfəngi ilə həmkəndlisi X4 işlətdiyi çayxanaya getmişdir. Əlində olan ov tüfəngini yerə qoymaq istədikdə ov tüfəngindən atəş açılmış, qırmalar Sərxanın sağ qoluna, Eldarın isə boyun nahiyəsinə dəymişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin səbəbdən Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2022-ci il tarixli 3/1716 saylı rəyindən göstərilir ki, “Tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-18E” modelli, “H 86079” nömrəli daxili çaxmaqlı, təklüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silah detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. -tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır. Təqdim edilmiş patronlardan 05 ədədi təyinatı üzrə istifadəyə yararlıdır və daxilinə 2,50 mm diametrli qırmalar doldurulmuşdur, 01 ədədinin isə daxilində qırmalar olmadığından patron kimi təyinatı üzrə istifadəyə yararsızdır. -tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsuz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizdir. Həmin giliz təqdim edilmiş “ИЖ-18E” modelli, “H 86079” nömrəli ov tüfəngindən atılmışdır.” Bərdə Rayon Polis X1 müstəntiqi, polis baş leytenantı X2 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış HK-1/4602 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 588 və 590.2-ci maddələri ilə tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərarla və inzibati xəta haqqında 16 mart 2023-cü il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-18E” modelli, “H 86079” nömrəli daxili çaxmaqlı təklülə ov tüfəngi və 06 (altı) ədəd 16 kalibrli patronlar müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın icrası inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-18E” modelli, “H 86079” nömrəli daxili çaxmaqlı təklülə ov tüfənginin və 06 (altı) ədəd 16 kalibrli patronların müsadirə edilməsinə dair hissədə Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar