Məhkəmə qərarları › İş №3(021)-69/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-69/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-69/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, X1 və vəkili X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarından X1 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarı ilə X12 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X12 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bərdə rayon Mollalı Bələdiyyəsi ilə onun arasında "X14 verilməsi haqqında" xx.xx.2000-ci il tarixli 06 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən heyvandarlığın inkişafı üçün Mollalı Bələdiyyəsinə məxsus 20 (iyirmi) hektar torpaq sahəsi onun istifadəsinə 50 (əlli) illiyə icarəyə verilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlak Dövlət Reystri Xidməti Hüquqların X7 Daşınmaz Əmlak Dövlət Reystrindən Seriya MN № ******* olan Çıxarış da verilmişdir. Sahibliyində və istifadəsində olan həmin torpaq sahəsində malqara saxlayır, əldə olunan qazancdan ailəsinin maddi təlabatını ödəyir, qanunamüvafiq qaydada vergi ödəyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsinin MN № ******* saylı xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən Qərarın heç bir qanuni, hüquqi əsası yoxdur. Belə ki, Bərdə rayon Mollalı Bələdiyyəsinin onun icarəsinə verdiyi 20 hektar torpaq sahəsi heyvandarlığın inkişafı üçün verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması “İcarə müqaviləsində” öz təsdiqini tapmışdır. Deməli qeyd edilən torpaq sahəsində maldarlığın inkişafı üçün yem bitkiləri də əkə bilər. Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsinin MN № ******* saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, Bərdə rayon Mollalı Bələdiyyəsinin mülkiyyətində olan icarəyə götürdüyü 20 ha örüş otlaq sahəsində yonca əkilmiş, bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Onun icarəsində olan 20 hektar torpaq sahəsi kənd təsərrüfatı torpaq sahəsidir. Bərdə rayon Mollalı Bələdiyyəsi ilə onun arasında "X14 verilməsi haqqında” xx.xx.2000-ci il tarixli № 06–li müqavilə bağlanmışdır ki, həmin torpağın təyinatı örüş otlaq sahəsi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi müqavilədə qeyd edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində isə heyvandarlığın inkişafı üçün istənilən yem bitkisi əkə bilər. Sahibliyinə və istifadəsinə verilmiş 20 hektar icarə torpaq sahəsinin təyinatı “örüş - otlaq" sahəsi olsa belə onun cərimə edilməyinə əsas vermir. O, icarəsində olan 20 ha. torpaq sahəsinin bir neçə hektarına 2012-ci ildə yonca əkmişdir ki, həmin yonca bitkisi artıq yabanı bitkilərlə əvəz olmuşdur. Əgər həmin sahəyə mütəxəsislərin iştirakı ilə baxış keçirilərsə 10 il bundan qabaq yonca bitkisinin əkildiyini müəyyən etmək olardı. Müddətin keçməsi ilə onun inzibati məsuliyyətə cəlb edilməyi yolverilməzdir. O, heç bir inzibati xəta törətməmiş, törətsə belə, yəni icarəyə götürdüyü 20 hektar torpaq sahəsinin bir neçə hektarına yonca bitkisi əkməyindən 10 ildən artıq vaxt keçmişdir ki, müddətin keçdiyinə görə barəsində inzibati tənbeh tətbiq edilə bilinmədiyi halda 500 manat inzibati tənbeh tətbiq edilmişdir ki,bu isə qanun pozuntusudur. Daha sonra barəsində inzibati iş üzrə icraata aparılan X12 dəqiqləşdirmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı saylı qərarının ləğv edilməsini və həmin qərar əsasında pensiyasından tutulan pulun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X12 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək bildirdi ki, o, həmin torpaq sahəsində yonca bitkisini 12-13 il bundan əvvəl əkmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin əməkdaşı tərəfindən onun istifadəsində olan torpaq sahəsinə baxış keçirilib protokol tərtib edilən zaman orada heç bir yonca bitkisi əkilməmiş, protokol qanunsuz olaraq tərtib edilmişdir. Məhkəmə iclasında X1 vəkili X9 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin nümayəndəsi X15 bildirdi ki, X12 ona icarəyə verilmiş örüş torpaq sahəsində yonca bitkisi əkmişdir. Buna görə də barəsində qərar qəbul edilərək cərimələnmişdir. Natiq Əliyev göstərdiklərinin təsdiqi üçün həmin torpaq sahəsində çəkdiyi fotoşəkili məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan **********56 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cl il qeydiyyat tarixli, MH seriyalı, №0001424 nömrəli hüquqların X7 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon X11 rayon Mollalı kəndində yerləşən 20 ha torpaq sahəsini xx.xx.2002-ci il tarixdə 50 il müddətinə X6 icarəyə vermişdir. İşdə olan X14 verilməsi haqqında 04.04.200-ci il tarixli Müqavilədən görünür ki, Bərdə rayon X11 rayon Mollalı kəndində yerləşən 20 ha torpaq sahəsini xx.xx.2002-ci il tarixdə 50 il müddətinə X6 heyvandarlıq məqsədilə icarəyə vermişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarından görünür ki, X3 rayon Mollalı kəndində yerləşən 20 ha örüş torpaq sahəsində yonca əkini əkmişdir. Buna görə də X12 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan X5 ərizəsindən görünür ki, sonuncu Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarını xx.xx.2025-ci il tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi mütəxəssis rəyi olmadan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar qəbul etmişdir. Məhkəməyə təqdim olunmuş fotoşəkildən də torpaq sahəsində olan bitkinin yonca bitkisi və ya yabanı bitki olmasını aydınlaşdırmaq mümkün olmamışdır. Həmçinin həmin qərardan yonca bitkisinin nə vaxt əkilməsi də müəyyən olunmur. X12 isə ifadəsində bildirmişdir ki, 12-13 il bundan əvvəl həmin torpaq sahəsində yonca əkmişdir. Beləliklə, X12 tərəfindən həmin örüş torpaq sahəsində yonca bitkisi əkilməsi sübut olunmur. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X5 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024cü il tarixli, MN № ******* saylı qərarı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə həmçinin qeyd edir ki, X10 Xudu oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024cü il tarixli, MN № ******* saylı saylı qərarı əsasında pensiyasından tutulan pulun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir hazırda həmin hissə məhkəmənin baxış predmetinə aid olmadığından baxıla bilməz. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. X5 barəsində İXM-in 247.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar