Məhkəmə qərarları › İş №3(021)-705/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-705/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-705/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon 588 saylı qəsəbə bina 10, mənzil 91 ünvanında yaşayan Şəxs oğlunun barəsində Bərdə rayon Polis Şöbəsindən daxil olmuş, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında 30 iyun 2021-ci il tarixli MN № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlunun üzərində 0.36 qram narkotik vasitəni əldə etmiş və qanunsuz olaraq saxlamışdır. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 ifadəsində bildirdi ki, Şəxs oğlunun üzərində 0.36 qram narkotik vasitəni narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. O, həmin narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs oğlu ifadəsində törətdiyi əməli etiraf edərək əməlindən peşmançılıq hissi keçirdiyini bildirdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X6 oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13.05.2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/1376 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə polis şöbəsinin İTB-nə verilmişdir. Həmçinin həmin qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 04 may 2021-ci il tarixli 16/420 saylı ekspert rəyi ilə “Şəxs oğlundan götürülmüş 1 ədəd ağ salfet kağız bükümündə təmiz çəkisi 0.36 qram olan maddənin narkotik vasitə- qurudulmuş marixuana (kannabis) olması aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 30 iyun 2021-ci il tarixli MN № ******* saylı nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs oğluna hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, cərimə edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs oğluna İXM –nin 206-cı maddsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar