Məhkəmə qərarları › İş №3(021)-712/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-712/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-712/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X6 Xidmətinin Qarabağ Regional şöbəsinin baş əmək müfəttişi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının X6 Xidmətinin Qarabağ Regional şöbəsindən daxil olmuş 24 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında X6 Xidmətinin Qarabağ Regional şöbəsinin Baş əmək müfəttişi X4 göstərdi ki, Şəxs MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmamağa görə protokol tərtib olunmuşdur. Barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 göstərdi ki, tərtib olunmuş protokol qanunsuzdur. Belə ki, ona X6 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən xəbərdarlıq olunmamış, onun iştirakı təmin edilməmişdir. Protokol tərtib edilməmişdən qabaq o, artıq sığorta şirkətinə bütün işçilərini bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmaları ilə bağlı rəsmi qaydada müraciət etmişdir. Nəticə etibarılə işçilərini 24 may 2022-ci il tarixdə icbari sıöorta etdirmişdir. Lakin buna baxmayaraq X6 Xidmətinin Qarabağ Regional şöbəsi bu halları araşdırmadan barəsində protokol tərtib etmişdir. Məhkəmədən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və X6 Xidmətinin Qarabağ Regional şöbəsinin baş əmək müfəttişinin izahatlarını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının X6 Xidmətinin Qarabağ Regional şöbəsindən daxil olmuş 24 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsində nəzərdə tutulan işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olması, əməlində inzibati xəta tərkibi olması barədə məlumatlandırılmış və bu məqsədlə 23 may 2022-ci il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının X6 Xidmətinin Qarabağ Regional şöbəsinə dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin elektron yoxlanılma sistemindən götürülmüş çıxarışın surətindən görünür ki, həmin bildiriş 18 may 2022-ci il tarixdə vəzifəsi göstərilməyən Elçin İsmayılov adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından 24 may 2022-ci il tarixli AH********** saylı icbari sığorta müqaviləsindən görünür ki, Şəxs MMC tərəfindən bütün işçilər qanunamüvafiq qaydada "xxxx" Sığorta Şirkəti ASC-də sığorta edilmişdirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmaması barədə tərtib olunmuş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmaması ilə bağlı hallar aşkar olunmamışdır. Bundan başqa X6 Xidmətinin Qarabağ Regional şöbəsinin nümayəndəsi də məhkəmədə bildirdi ki, həmin iş üzrə sadəcə portalda sığorta müqaviləsi olmadığını, tərəf də idarəyə gəlmədiyindən inzibati protokol tərtib etmişlər. Həmçinin, X6 Xidmətinin Qarabağ Regional şöbəsi "xxxx" MMC-nin işçiləri barədə məlumatları, hansı işçilərin əmək müqaviləsi əsasında işləmərini, həmin işçilər barəsində məlumatları toplamadan sadəcə olaraq inzibati xəta protokolunun tərtib etməsini inzibati araşdırma ilə bağlı qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından sonuncu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar